Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub!” layihəsinə qoşulub.
Unikal.org xəbər verir ki, ADNSU-nun Tərbiyə İşləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, eləcə də universitetin bir qrup müəllim və tələbə heyəti "ASAN xidmət" mərkəzində olub, ərazi bütövlüyümüz uğrunda döyüşən qəhrəman əsgərlərmizə məktublar ünvanlayıblar. Məktublarda düşmənə qarşı rəşadətlə döyüşən hərbçilərimizə minnətdarlıq ifadə olunan səmimi ürək sözləri qeyd edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları mübarizədə ordumuzun döyüş əzminin daha da artırılması məqsədilə təşkil olunan bu kampaniyada iştirak edən ADNSU əsgərlərə maddi dəstəklə yanaşı mənəvi dəstək göstərilməsini də daim diqqətdə saxlayır.
Qeyd edək ki, bundan öncə ADNSU Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50.000 manat vəsait köçürüb. Bundan əlavə, universitetin əməkdaşları da könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb və cəbhə bölgəsində əsgərlərlə görüşüb yardım aparıblar.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! Qarabağ Azərbaycandır!
#karabakhisazerbaijan