“İndi Can Azərbaycanımızın Ali Baş Komandanı və qəhrəman ordusu tarix yazır. Biz bu günləri qürurla yaşayırıq və bizə bu qüruru yaşatdıqları üçün başda Ali Komandan cənab Prezident və ordusunu dəstəkləyən qardaş Azərbaycan xalqına təşəkkür edirik”.
Bu sözləri Unikal.org-a açıqlaması zamanı Türkiyə Cümhuriyyətinin Moldova və Azərbaycanda səfiri işləmiş Hulusi Kılıç deyib.
Sabiq səfir bildirib ki, əslində Dağlıq Qarabağda baş verən hadisələr vətənin müdafiəsi və mübarizədir, buna savaş demək doğru deyil. Bu, işğal altındakı torpaqların qaytarılması əməliyyatıdır. Azərbaycanımızın beynəlxalq tanınmış sərhədləri daxilində reallaşan bir mübarizədir. Türkiyə 1920-ci illərdə Qurtuluş Savaşında bu anı yaşadı, Bu gün Azərbaycanımız bunu etməkdədir. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsinə danışıqlar yolu ilə çarə tapmaq istəyən tərəflərin əslində bunu heç istəmədikləri, illərlə Azərbaycanı yola verdikləri açıq-aydın ortadadır. Artıq bu işin masada gerçəkləşməyəcəyi bəllidir. Azərbaycanımızın səbri artıq tükəndi. Görürük ki, Azərbaycanımızın haqlı mübarizəsi haqq və hüquqa dayanan bir mübarizədir və biz bu mübarizəni dəstəkləyirik.
Türk xalqı olaraq qardaş ölkəmizin yanındayıq. 10 milyon Azərbaycan, 83 milyon da Türkiyə və toplamda 93 milyonuq. Bir də keçmişə göz atsaq, görərik ki, 1990-cı illərdə ordusu olmayan bir Azərbaycan var idisə, hazırda qardaş dövlətin olduqca güclü bir ordusu var. Birinci Dağlıq Qarabağ müharibəsində ermənilər müdafiəsiz insanlara hücum etməklə 1 milyon qaçqın və məcburi köçkün insanın pərişan halda yaşamasına səbəb oldular. Bu, ədalətli deyil. 1993-cü ildə BMT-nin verdiyi qətnamələrdə həmin torpaqların Azərbaycana aid olduğu deyilir, amma bu an Qarabağ mövzusunu müzakirəyə çıxaran dövlətlərin kimə tərəf olduqlarına nəzər yetirək. Bu gün Fransa, ABŞ Xarici İşlər Nazirliyinin verdikləri bəyanatlarla Ermənistanın mövqeyindən çıxış etdiklərini görürük.
Yeni bir masa qurulmalıdır və bu masada Türkiyənin olması mütləqdir. Hazırkı vəziyyətdə prezidentimiz, Xarici İşlər Nazirimiz, Müdafiə Nazirimiz Rusiyada və Azərbaycandakı həmkarları ilə görüşürlər. Türkiyə olmadan bu problem həll edilə bilməz. Bu günlərdə bir neçə rayonumuzu işğaldan geri aldıq. Biz yaxın vaxtlarda üçrəngli bayrağın Qarabağda asılacağına inanırıq. Mən 5 il Azərbaycanda işlədiyim illərdə qaçqınları və onların vəziyyətini, həyat mübarizəsini gördüm. Bu gün Azərbaycan Ordusu və xalqı ilə qürur duyuruq və Azərbaycanın haqlı davasında hər zaman qardaş ölkəmizin yanında olacağıq. “Ya Qarabağ, ya ölüm, başqa yolu yox bunun” deyən Can Azərbaycan xalqının bu səsini hər kəs eşitsin”.
Dürrə Həsənova