Misirin “Alwasela” qəzeti, “Almasryalyoum”, “Garbnews” və “Aldiplomasy” portalları və “Asiaelyoum” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsindən əsas məqamları yayıblar.
Unikal.org xəbər verir ki, xəbərlər “Azərbaycan Prezidenti: Qarabağ bizim üçün ədalət, qürur və beynəlxalq hüquq məsələsidir” sərlövhəsi ilə yerləşdirilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı alman müxbirin Qarabağın nəyə görə xalqımız üçün önəmli olduğu sualına cavabında deyib:
“Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.
Xəbərlərdə dövlətimizin başçısının bəzi beynəlxalq təşkilatların Ermənistanın işğalçılıq, enik təmizləmə siyasətinə qarşı ikili standartlar mövqeyindən çıxış etməsi, Gəncə, Bərdə və Tərtərdə mülki insanların qətlə yetirilməsi barədə fikirləri də yer alıb.