“İran Dağlıq Qarabağ bölgəsində gərginlik başlayandan etibarən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə kimi regional ölkələrlə danışıqlar aparır”.
Unikal.org “İRİB” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“Müharibə daha çox bölgə ölkələrinə ziyan vuracaq və inanırıq ki, məhz bu səbəbdən bölgə ölkələri müharibəni bitirmək üçün ən böyük təsiri göstərə bilər. Bu çərçivədə və Minsk kimi digər mexanizmlərlə dialoqları və hədəfləri izlədik.
Planımızın vacib xüsusiyyətlərindən biri də onun müvəqqəti atəşkəslə əlaqəli olmamasıdır. Əksinə, hər iki tərəfin bəzi prinsiplərə sadiq qalması ilə başlayacaq bir çərçivədə fərqləri həll etməyə doğru irəliləməkdir. Tədbirlər xüsusən işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutur”, - deyə XİN rəhbəri qeyd edib.
Zərif bildirib ki, insan hüquqlarının təmin edilməsi, gediş-gəliş yollarının yaradılması və bölgə ölkələrinin sülh planının icrası prosesi üzərində nəzarət Tehranın təşəbbüsünün digər məqamları arasındadır.
O qeyd edib ki, İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə plan təklif edib və hazırda İran bu ölkələrin ona cavabını gözləyir.