AZTV düşmən işğalından azad edilən Tərtər rayonunun Suqovuşan kəndində (Madagiz) Azərbaycan bayrağı asan İlkin Fərzəliyevin ailəsindən reportaj hazırlayıb.
Unikal.org xəbər verir ki, müddətdən artıq hərbi qulluqçumuzun atası Azad Fərzəliyev bildirib ki, oğlu asdığı bayrağı neçə müddətdir üzərində gəzdirirdi:
"1993-cü ildə anadan olmuş uşaqlar o dövrdə itirilmiş torpaqları azad etmək uğrunda döyüşür. Bu mənim üçün böyük fəxrdir. İlkin dedi ata bayrağımızı taxıram. O, hərbiyə getdiyi gündən həmin bayrağı öz üzərində gəzdirirdi. Dedi bu bayrağı işğaldan azad olunmuş torpaqlarımıza taxacam. Mən də dedim sanc bu sənin borcundur, şərəfindir. Oğlumun ən böyük arzusu Laçında bayrağımızı asmaqdır."
Hərbçimizin anası Mətanət Fərzəliyevə deyib ki, hazırda iki övladı cəbhədə döyüşür:
"İlkinlə danışanda narahat olduğumu ona hiss etdirmirəm. Allah şahiddir ki, gecələr gözlərimə yuxu getmir. Deyirəm ay İlkin yaxşıyam, heç bir şeydən, nişanlından narahat olma. Bütün fikrini qarşındakı düşmənlərimizə ver. Onu da deyim ki, oğlum İlkinə bağışlanan evin açarını hələ götürməmişik. Gözləyirik ki, İlkin sağ-salamat gəlib, evinin açarını özü götürsün".