ABŞ-ın Kaliforniya ştatındakı azərbaycanlı icmasının təşkilatçılığı ilə erməni terroruna etiraz yürüş keçirib. San-Fransisko şəhərinin Kolumbus prospektindən (Kolumbus Avenyu) başlayan yürüşdə həmvətənlərimiz əllərində Azərbaycan bayraqları və “Uşaq ölümünə son qoyun”, “Erməni terrorçuluğuna son qoyun!” şüarları yazılmış plakatlar tutaraq, ətrafdakıların diqqətini erməni terroruna yönəldiblər.
Unikal.org xəbər verir ki, Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatlarını, dinc əhalinin yaşadığı Gəncə, Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin mülki əhaliyə qarşı istifadəsi qadağan olunan raket atəşinə tutulmasını, mülki şəxslərin, körpə uşaqların qətlə yetirilməsini və yaşayış məntəqələrinin dağıdılmasını pisləyiblər.
Soydaşlarımız dünya ictimaiyyətini Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə, erməni terroruna göz yummamağa çağırıblar.