Türkdilli dövlətlər arasında əməkdaşlığın ən parlaq nümunəsi olan Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyi hər iki dövlətin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada Türkiyə ilə Azərabycan qədər biri-birinə yaxın dövlətlər yoxdur. BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq edən hər iki dövlətin birgə səyi ilə yaradılan TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyət hər iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir, qarşılıqlı olaraq ölkələrin iqtisadiyyatına yatırdıqları sərmayələrin həcmi ildən-ilə artır. Ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənir. Qarşılıqlı münasibətlərdə xüsusilə fərqlənən hərbi sahədəki əməkdaşlıq bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir. Hər ki dövlət arasında bağlanmış müqaviləyə uyğun keçirilən hərbi təlimlər bəzi qüvvələri təşvişə salsa da, bu yaxınlıq Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yenilməzlik mesajıdır.
Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində, aparılan danışıqlarda ölkəmizin mövqeyini müdafiə edən Turkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, bu ölkənin dövlət və hökumət rəsmilərinin Azərbaycanla bağlı bəyanatları, xalqımızla həmrəyliyi, milli-mənəvi dəstəyi əvəzolunmaz qardaş yardımıdır.
Müharibə başlanan gündən Azərbaycanın yanında olduğunu qəti və kəskin bəyanatları ilə bildirən, dünyanın nüfuzlu dövlət başçısı və siyasətçisi kimi hadisələrin beynəlxalq hüquq normaları əsasında həllini tələb edən Prezident Rəcəb Tayyib Ərdoğan, eyni zamanda rəhbərlik etdiyi AK Partiyasının rəhbərliyinə və xüsusi dövlət adamlarına tapşırıq verərək Azərbaycanı tək qoymamağı, mütəmadi onların ölkəmizə səfərlər etmələrini tapşırmışdır. Torpaqlarımızın işğaldan azad olunması üçün aparılan hərbi əməliyyatların 33 günü ərzində 3 dəfə Bakıda olan Türkiyənin Xarici İşlər naziri cənab Çavuşoğlunun bu sözləri deməsi bizdə qürur oyadır. O cümlədən, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atıraraq Ermənistanın təcavüzkar siyasətinin görüntülərini dünya nümayiş etdirirlər.
Onu da qeyd edim ki, Türkiyə Respublikacının sabiq Baş Naziri və sabiq Məclis Sədri Binəli Yıldırımın da rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdədir. Hörmətli dostum Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrımın iştirak etdiyi nümayəndə heyətilə ilə dünən YAP binasında Baş nazirini müavini, YAP sədrinin müavini Əli Əhmədov rəhbərliyi ilə görüşdük. Bu səfərlər Azərbaycan-Türkiyə qardaşlığının bariz ifadəsidirsə, digər tərəfdən Türkiyənin 27 sentyabrdan indiyədək ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov