Nüfuzlu “Reuters” nəşri Azərbaycanın işğal olunmuş torpaqlarından qaçqın düşən şəxslərlə bağlı geniş material hazırlayıb.
Unikal.org xəbər verir ki, məqalədə azərbaycanlı qaçqınların fikirləri, onların Qarabağa qayıtmaq arzusu işıqlandırılıb.
Dədə-baba yurduna qayıtmaq arzusu ilə yaşadığını qeyd edən 85 yaşlı Həsən Əhmədov Azərbaycan ordusunun hazırda Qarabağda apardığı əməliyyatlarla bu arzuya bir addım da yaxınlaşıldığını vurğulayıb. Cəbrayıl sakini işğal azad olunmuş kəndinə qayıtmaq üçün ərazilərin təmizlənməsini və evlərin bərpasını gözlədiyini bildirib.
Bütün dünyada Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı faktının vurğulandığı yazıda, həmçinin 27 sentyabrdan başlanan döyüşlərdə atəşkəs cəhdlərinin üç dəfə uğursuz olduğu qeyd edilib.
Nəşrin müsahibə aldığı azərbaycanlılardan biri olan 33 yaşlı Nemət Səmədov isə bildirib ki, kəndləri azad olunduqdan sonra Bakı artıq onun üçün yadlaşıb.
Yazıda həmçinin Bakının demək olar ki, hər yerində Azərbaycan bayraqlarının asıldığı, radioların efir vaxtının böyük hissəsini vətənpərvər mahnılara həsr etdiyi də xüsusi vurğulanıb.