Müxalifətin savaşı başladı
10:58 26-12-2012
İQTİSADİYYAT
Müxalifətin savaşı başladı
Xəyanətkar damğası indi kimin üzərində qalacaq?
Artıq müxalifət düşərgəsində savaş elan edilib. Əslində dünənə qədər elan olunmamış savaş artıq rəsmiləşdirilib. Son ana qədər belə bir rəy var idi ki, müxalifət bir araya gələ biləcək və 2013-cü il prezident seçkilərində vahid namizəd olaraq iştirak edə biləcəklər. Hətta yaradılan İctimai Palatanın daha da böyüməsi ehtimalı haqqında fikirlər səsləndirilirdi.
Bu baxımdan yaradılan Məşvərət Məclisinə də ümidlər artdı ki, nəhayət əsas blok yaradılır. Amma həmin vaxt AXCP və Müxalifət müttəfiqlik nümayiş etdirərək bu blokla təmasa keçmədilər. Nəticə də İctimai Palata ilə Məşvərət Məclisi üz-üzə qaldı. Amma iki blok arasında da danışıqlar başladı və yenə ümid yaranmışdı ki, nə isə olacaq və olduda. Amma birləşmə yox, müxalifətin tam fiaskosu və parçalanması. Mərmi qəlpələri kimi darmadağın olan müxalifət həm də bir-birilərinə rəqib gözü ilə baxmağa başladılar. Yəni bu gün müxalifət üçün hədəf hakimiyyət yox, sözün həqiqi mənasında özləridir. Yenə hər zaman olduğu kimi ana müxalifət olmaq uğrunda savaş başlayıb.
Rəsul Quliyev atəşi
Müxalifət daxilində tutarlı atəş ACP-in lideri Rəsul Quliyev tərəfindən gəldi."Artıq başqa işlərlə məşğul oluram, yəni daha təsirli qüvvələrlə iş görmək istəyirəm" deyən Rəsul Quliyev Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlini sərt tənqid edib. İsa Qəmbərin vahid namizəd məsələsilə bağlı son çıxışına toxunan R.Quliyev AXCP və Müsavat funksionerləri arasında sosial şəbəkələrdə başlanan qarşıdurmalara və eləcə də əzəli müttəfiqlərin baş tutmayan planlarına dair fikirlərini bildirib. Eks-spiker prezident seçkilərində müxalifət liderlərinin, xüsusən də İsa Qəmbər və Əli Kərimlinin qalib gəlmək potensialının olmadığını deyib. R.Quliyev həmçinin qeyd edib ki, o, İctimai Palatada baş verən hadisələri ümumiyyətlə izləmir və bu onun diqqət mərkəzində deyil.
Beləliklə Rəsul Quliyev ayrılıqda Əli Kərimlini və İsa Qəmbəri hədəfə aldı. Bu isə sübutlayır ki, artıq müxalifət daxili birlikdən danışmaq mümkün deyil və bu seçkilərdə Rəsul Quliyev və tərəfdarları ilk növbədə İsa Qəmbərlə Əli Kərimlini hədəfə alacaqlar və savaş ciddiləşəcək.
Müsavatdan AXCP ittihamı
Müxalifət daxilində diqqəti cəlb edən və əhatə dairəsinə görə daha böyük olacaq savaş AXCP ilə Müsavat arasında başladı. "Müsavat Partiyası müttəfiqlərinin ağır təftişi altındadır. İstənilən qərarımızı tənqid etməyə hazır vəziyyətdə olanlar var. Həm mətbuatda, həm də sosial şəbəkələrdə Müsavat Partiyasına qarşı total təbliğat aparılır".
Bunu Müsavat Partiyasının başqanının müşaviri Mustafa Hacıbəyli deyib. M. Hacıbəyli bildirib ki, özünü demokratik qurum kimi təqdim edən partiyanın bu dəyərlərə hörmətlə yanaşması zəruridir: "Hansısa demokratik quruma "Niyə prezidentliyə namizədliyini irəli sürmüsən?" deməyin özü anti-demokratik yanaşmadır. Təsəvvür edək ki, Yeni Azərbaycan Partiyasının təmsilçisi hansısa partiyanın namizəd irəli sürməsinə qarşı təbliğata başlayır. Bunu AXCP rəhbərliyində olan şəxslər necə qiymətləndirərdilər? Əlbəttə, bunun anti-demokratik yanaşma olduğunu bəyan edərdilər. Nədənsə, həmin yanaşmanı bu gün AXCP funksionerləri Müsavat Partiyasına qarşı nümayiş etdirirlər. AXCP Ali Məclisinin sonuncu iclasında aparılan müzakirələrdən və çıxışlardan də gəldiyim qənaət budur ki, AXCP seçkilərə qatılmayacaq. Çünki AXCP sədri Əli Kərimli həmin iclasdakı çıxışında belə bir ifadə səsləndirib ki, yalnız qələbə olacağı təqdirdə seçkilərə qatılmağın tərəfdarıdır. Mən isə bu mövqeyin əleyhinəyəm. Seçki cəmiyyəti fəallaşdırmaq üçün bir vasitədir. Biz də mübarizəmizdə bu vasitədən istifadə etməyi düşünürük".
M. Hacıbəylinin fikrincə, qələbəsi bəlli olan seçkidə iştirak etmək elə də çətin deyil: "İndiki vəziyyətdə isə seçkilərə getmək daha böyük fədakarlıqdır. Müsavat Partiyası bu hücumlardan çəkinməyərək, seçkilərə qatılmağa qərar verib".
M. Hacıbəyli qeyd edib ki, İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsində qeyri-adi məqam yoxdur: "Əslində, İsa Qəmbər namizədliyinin irəli sürülməsini bəyan etmişdi. Divan Müsavat Partiyası adından bunu təsdiqləyib. Burada eyforiya yaradılmasına ehtiyac görmürəm. Sadəcə, bu məsələlər AXCP tərəfindən Müsavat Partiyasına qarşı total hücumların tərkib hissəsidir".
AXCP sədrinin müavini Asəf Quliyev isə deyib ki, Müsavat başqanının müşaviri AXCP-nin seçki strategiyasını düzgün qiymətləndirmir: "AXCP kiminsə prezidentliyə namizədliyinin əleyhinə deyil. Sadəcə təklifimiz bundan ibarətdir ki, bir partiyanın deyil, əsas müxalifət partiyalarının vahid namizədinin müəyyənləşməsinə çalışaq. Bunun nə dərəcədə effektiv olduğunu anlamaq lazımdır".O, Ə. Kərimlinin seçki ilə bağlı fikirlərinin M. Hacıbəyli tərəfindən düzgün şərh edilmədiyini də qeyd edib: "Heç kimi saymadan seçkiyə getmək yanlışdır. 2013-cü ildə prezident olmaq istəyən şəxs ölkədəki partiyaların və cəmiyyətin fikrini qəbul edib, dəyərləndirməlidir".
Bəs məsələ nədən
qaynaqlanır?
Əslinə baxanda ilk zərbə elə Müsavatdan gəldi. Belə ki, vahid namizəd məsələsi hələ müzakirəyə çıxarılmamışdı ki, İsa Qəmbər bəyan etdi ki, seçkilərdə namizəd olaraq iştirak edəcək. Bu isə AXCP üçün tərs sillə idi. Çünki İctimai Palatanın qərarı var idi ki, öncəliklə cəmiyyətdə seçki öncəsi demokratik mühitin yaradılması əsas hədəf olmalıdır. Amma İsa Qəmbər bu prinsipdən kənara çıxaraq namizəd olacağını bəyan etdi. Bununla da ilk qığılcım ortaya çıxdı. Amma AXCP Müsavatla danışıqlar apararaq məsələnin bu şəkildə gündəmə gəlməməsini istədi. Müsavat öncə məsələyə loyal yanaşsada sonradan fikrindən vaz keçdi. Həmçinin bu günlərdə keçirilən bir toplantı iki partiya münasibətlərinə öldürücü zərbə vurdu. Belə ki, Ümid partiyasıda daxil olmaqla Məşvərət Məclisinin üzvləri restoranda görüş keçirtdilər və vahid namizəd məsələsini müzakirəyə çıxartdılar. Amma...elə bu ammada hər şeyin üzərindən xətt çəkdi. Amması isə bu idi ki, vahid namizəd məsələsi Əli Kərimlinin iştirakı, İsa Qəmbərin iştirak etməməsi ilə həyata keçirilirdi. Bu isə artıq iki partiya arasında səmimiyyətin olmadığını ortaya çıxartdı və Müsavat seçkilərlə bağlı hazırlığa start verdi. Artıq qərara alınıb ki, partiyanın Ali Məclisi yaxın günlərdə rəsmən İsa Qəmbəri prezidentliyə namizəd elan etsin.
AXCP-in əks hucumu
AXCP bir müddət hadisələrə loyal yanaşıb namizədlik məsələsini gündəmə gətirməsə də aydın oldu ki, Müsavatdan xəbərsiz gizli danışıqlara start verib. Aydın oldu ki, Əli Kərimli Ümid partiyasının sədri İqbal Ağazadə və ACP rəhbərliyi ilə müəyyən vaxtlarda görüşüb və müzakirə mövzusu namizədlik olub. Amma AXCP indi də iddia edir ki, onlar Əli Kərimlinin adından heç vaxt namizədliklə bağlı açıqlama verməyiblər. Sadəcə olaraq "cəmiyyət" AXCP sədri Əli Kərimlinin prezidentliyə namizəd olmasını istəyir. AXCP sədri Fuad Qəhrəmanlının dedikləri:-" Əli bəyin namizədliyi ilə bağlı AXCP rəsmi mövqeyini bildirməyib. Ancaq Azərbaycan ictimaiyyətinin tanınmış üzvləri Əli Kərimlini müxalifətin lideri və ya yaxud vahid namizəd qismində gördüklərini bildiriblər. Məncə, biz qərarımızı qəbul edərkən də bu fikirləri nəzərə alacağıq. Reallıq odur ki, əgər bir partiya lideri seçkilərdə iştirak etmək istəyirsə, o təkcə öz funksionerlərinin dəstəyini yox, cəmiyyətin dəstəyini almaq iqtidarında olmalıdır. Bu baxımdan indiki halda müşahidə olunur ki, Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələri Əli Kərimli ilə bağlı bu fikirlərini səsləndirirlər". Beləcə aydın oldu ki, Müsavat açıq şəkildə İsa Qəmbərin namizədliyi üzərindıə işləməyə başladısa, AXCP bunu qapalı şəkildə etdi.
Hazırkı durum
Hazırda isə hər iki partiya arasında ciddi gərginliklər yaşanır. Sosial şəbəkələrdə Müsavat partiyası və İsa Qəmbər AXCP üzvləri tərəfindən az qala xalq düşməni elan edilməyə başlanıb. Artıq İctimai Palata daxilində ki, çatlar açıq müstəviyə çıxır və maraqlısı budur ki, öncələr ittihamlar sıravi üzvlər tərəfindən həyata keçirilirdisə indi bu partiyanın rəhbər şəxsləri tərəfindən də səsləndirilir.
Ümidin tələsik qərarı
AXCP və Müsavat arasında gərginliyin artdığı bir vaxtda gözlənilməz bir addımda Ümid partiyası tərəfindən atıldı. Ümid prtiyasının gənclər təşkilatı rəsmi olaraq İqbal Ağazadəni prezidentliyə namizəd göstərdi. Halbu ki, Ümidin elə təşəbbüsü ilə Məşvərət Məclisi və AXCP vahid namizəd məsələsini müzakirə edirdi. Amma bu qərarla vahid namizəd məsələsi bir dəfəlik dəfn edildi.
Beləliklə aydın oldu ki, 20 il ərzində müxalifət düşərgəsində heç bir dəyişiklik baş verməyib. Hadisələrə eyni yanaşma və təkrarlanan təfəkkür. Məhz bunun nəticəsidir ki, taktiki və strateji yanaşmadakı qüsur aradan qalxmır. Aydın oldu ki, bu seçkilərdə yenə müxalifət arası savaş daha gərgin olacaq, nəinki müxalifət-hakimiyyət arasında. Buda aydın oldu ki, artıq bu gündən hakimiyyət parçalanmış müxalifət qarşısında qələbəsini elan edə bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00