ABŞ-ın Beverli-Hillz şəhərində fəaliyyət göstərən Türk restoranı ermənilərin hücumuna məruz qalıb.
Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, 8 ildir ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərində xidmət göstərən "İstanbul" adlı restorana axşam saat 21:00 radələrində 7-8 nəfərlik erməni qrupu daxil olub. Hadisə şahidlərinin sözlərinə görə, şəxslər restorandakı masaları və stulları dağıtmağa başlayıb.
Hadisədən sonra Türkiyə Respublikasının Los-Ancelesdəki Baş konsulu Oğuz Can restorana baş çəkib. Baş konsulun məlumatına görə, hadisəni törədənlərin kimliyi araşdırılır. Həmçinin də, o, restoranın bir müddətdir təhdid edildiyini və vəziyyətin aidiyyəti qurumlara çatdırıldığını söyləyib.
Daha sonra bu barədə Konsulluq məlumat yayıb:
“Beverli-Hillzdəki türk restoranına qarşı erməni radikalların törətdiyi nifrət cinayətini qınayırıq. Bu cür mənfur zorakılıq aktı qarşısında şəhərin siyasi liderlərinin susması cinayətkarları daha da arxayınlaşdırır. Bu ilin iyul ayında Los-Ancelesdə Azərbaycan icmasının üzvləri hücuma məruz qaldıqda əksər liderlərin belə sükutunun şahidi olduq. Bütün siyasi liderləri bu dəhşətli cinayəti qətiyyətlə pisləməyə və türk və Azərbaycan icmalarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırırıq”.