2012-ci ilin ədəbi yekunları
11:01 26-12-2012
CƏMİYYƏT
2012-ci ilin ədəbi yekunları
İlin yekununa çox az bir zaman qalıb. 2012-ci ildə qələmlərdən vərəqlərə xeyli əsərlər süzüldü. Yazarlarımız yazmağa-pozmağa əməlli-başlı vaxt sərf etdilər.
"Əjdaha İli" yaradıcılığa başları qarışan yazıçılarımızın yaddaşlarında hansı ədəbi hadisə və ya əsərlərlə qalıb?
Xalq yazıçısı Əkrəm Əylisli bildirdi ki, bu il üçün Azərbaycan ədəbiyyatında ciddi bir hadisə görməyib.
Millət vəkili, yazıçı, jurnalist Aqil Abbas ədəbi hadisələrə öz əsərini də əlavə etdi: "Kamal Abdullanın əsərləri ədəbi hadisədir. Ondan sonra isə bir azca mənim əsərim ola bilər. Cavan nəsildən isə Qan Turalı, Elxan Elatlı, Şərif Ağayar, Kəramət Böyükçölün əsərləri. AYB sədri Anarın müsahibəsi də bir ədəbi hadisədir ".
Yazıçı, tərcüməçi Yaşar bildirdi ki, 2012-də yaxşı əsərlər yazıldı. "Amma böyük bir ədəbi hadisəyə çevriləcək əsərlər olmadı".
Yazıçı Seyran Səxavət qeyd elədi ki, ədəbi hadisə hər il deyil, 10-15, yaxud 50 ildən bir olur. "Bu yollarda baş verən qəza hadisələrinə bənzəmir. Deyə bilmərik ki, ədəbiyyatımız inkişaf etməyib. Amma buna ədəbi hadisə demək olmaz. Çünki ədəbiyyat hadisəsi bir ölkə daxilində olmur, ədəbiyyat hadisəsi dünyəvi bir şeydir. Məsələn, Yusif Səmədoğlunun "Qətl günü " romanın SSRİ ərazisində müzakirəsi getdi, ilin ən yaxşı romanı seçildi. Bax ədəbi hadisə budur. Bu il üçün isə Azərbaycanda ədəbi hadisə olmayıb. Ayrı-ayrı uğurlu yazılar olub. Xuraman Hüseynzadənin bir şeiri var idi ki, mənim çox xoşuma gəlmişdi .Onun bir misrası da yadımda qalıb: "Bizim ölkədə azad qadın ya heykəl olur, ya da fahişə".
Tanınmış tənqidçi Tehran Əlişanoğlu peşəkar ədəbi tənqidin formalaşmasına xidmət göstərən tənqidçidir. Onun sözlərinə görə, "Yazıçılar müstəqilliyin fəlsəfəsinə hələ də yaxınlaşa bilmirlər. Mən o hekayələrdən müşahidə etdim ki, ancaq müstəqilliyin gerçəkləri, faktları, sosiallıq təsvir edilir. Söhbət ondan gedir ki, hadisələrə hər hansı mövqe görünmür, məsələn baş verənlər yaxşıdımı və ya pisdirmi, bunu bilmək olmur. Sadəcə həyatın üzünü köçürülməsini müşahidə edirəm. Hələ də mənə qəribə gəlir ki, realizm aktualdır. Çünki realizm tarixi şəraitin məhsuludu. Bir halda ki, realizm tarixi şəraitin məhsuludur, deməli realizmi yaradan o tarixi şəraitin özü hələ də bizdə var, müxtəlif məsələlər öz realist analizini tələb edir. Mən müasir dövr hekayəçiliyini təhlil edəndə gördüm ki, iki tip hekayələr var. Birincisi ənənəvi realizm estetikası ilə yazılan hekayələr, bir də modernist hekayələr. Dünya ədəbiyyatındasa postmodernizm aparıcı ədəbi cərəyandır, amma mən hekayəçiliyimizdə hələ bunu bir qədər təsir formasında görürəm".
Tənqidçinin fikrincə, "Kamal Abdullanın yaradıcılığında postmodernizm açıq-aşkar hiss olunur. Sonuncu "Labirint" kitabı bunu bir daha sübut elədi. Bugünkü ədəbiyyatımız modernizm dövrünü yaşayır, posmodernizmə keçid hiss olunur. Söhbət ondadı ki, bizim adlandırmalarla işimiz yoxdu, məsələn kimsə özünü posmodernist adlandırırsa ona məhəl qoymuruq, mətndən çıxış edərək yazıçının hansı ədəbi cərəyanın təmsilçisi olduğunu demək lazımdı. Ədəbiyyatda janr bölgüsü ədəbiyyatın ənənəsi ilə bağlı olan bir şeydi. Rus ədəbiyyatı ilə yaxın təmasda olduğumuz dövrdə rus ədəbiyyatının təsiri ilə povestlər yazılırdı. Tip etibarı ilə povest də hekayədir, sadəcə uzun hekayədir. Mənə elə gəlir ki, maraqlı uzun hekayələr də yazılıb, amma təəssüf ki, çox deyil".
Tehran Əlişanoğölu hesab edir ki, "Tənqidin inkişafı ədəbiyyatın inkişafına bağlıdı. Ədəbiyyat elə inkişaf etməlidir ki, tənqidə gəlsin, yəni əsər əsər olmalıdı ki, sən də ondan yazasan. On il bundan əvvələ nisbətdə tənqiddən narazılıq etmək düzgün deyil. Tənqidçilərin tənqidinə maraq da var. Şikayətin səbəbini onda görürəm ki, ədəbiyyat tənqiddən daha sürətlə inkişaf edir. Tənqiddə bəlkə də kadr potensiyalına ehtiyac var. Kifayət qədər ədəbiyyat mətni yazılıb. Bu mətnləri kim realizə eləməlidi, əlbəttə ki, tənqidçilər. Bu şikayət də tələbin ifadəsidir. Bütün cəhətləri ilə yanaşı, tənqidin obyektivliyi də olmalıdır. Amma məsələ ondadır ki, tənqid imzalara yox, ədəbiyyata xidmət eləməlidi. Bəzən qısqanclıq ondan doğur ki, məşhur adamların əsərləri barədə çox yazılır, ən çox reaksiyalar həmin kəslərin əsərlərinə olur. Bu da əslində normaldır. Yazıçı necə məşhur olur, təbii ki, öz əsərləri ilə. Ondan sonra onun əsərlərini oxucular, tənqidçilər davamlı izləyirlər. Seçilməyən, hər hansı şəkildəsə imzası təsdiq olunmayan yazıçıların əsərləri sükutla qarşılanır. Amma sizin sualınızda dediyiniz tənqidi məqam da olmamış deyil. Qan Turalının roman müzakirəsinə verdiyi cavabla razıyam, o deyir ki, tənqidin arxasında dayanan elə bir ədəbi orqan yoxdu. Redaktoru olduğum "Tənqid.net" jurnalını çıxsaq, tənqidə ciddi yer verən elə bir dərgi yoxdu. "Tənqid.net" jurnalı da rüblük çıxmalıdır, amma illik çıxır. Tənqidin mənəvi sitimulu var, amma maddi sitimulu yoxdur".
Natiq
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27