Bu gün İndoneziyanın paytaxtı Cakarta şəhərində Azərbaycanla həmrəylik və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə etiraz aksiyası keçirilib.
Unikal.org xəbər verir ki, Avrasiya üzrə Regional Mərkəzin dəstəyi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – İndoneziya Gəncləri təşkilatı tərəfindən İndoneziya Prezident Sarayının yaxınlığındakı Milli Abidənin qarşısında keçirilən aksiyada İndoneziyanın 42 gənclər təşkilatının sədrləri və nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü müdafiə etmək haqqını tam dəstəkləyərək işğalçı Ermənistan ordusunun dərhal, tam və qeyd-şərtsiz işğal altındakı Azərbaycan ərazilərindən çıxarılmasını tələb ediblər. İndoneziya Konstitusiyasının “işğalın bütün formalarının aradan qaldırılması” və “dünya sülhünün qurulması” haqda müvafiq hissələrinə istinad edilərək İndoneziya hökumətinə Ermənistandan işğala son qoyulmasını tələb etmək çağırışı edilib. Əks-təqdirdə Ermənistanla diplomatik münasibətlərin kəsilməsi tələb edilib. Aksiyada, həmçinin Qoşulmama Hərəkatının üzvü olan İndoneziyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Şuranın münaqişə ilə bağlı bu yaxınlarda keçirilən iclaslarında Azərbaycanın mövqeyini tam dəstəkləməsi alqışlanıb və İndoneziya hökumətinə təşəkkür elan edilib.
İndoneziya gənclər təşkilatları adından Muhammad Sofyan, Syafi Efendi və Astrid Nadya Rizkita aksiyada çıxış ediblər və aksiyanın müvafiq bəyanatını oxuyublar.
Xüsusilə gənclərin iştirak etdiyi aksiya İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin beynəlxalq İdarə heyətinin 2020-ci ilin iyul ayında qəbul etdiyi “Qarabağ – Azərbaycandır!” şüarı ilə xüsusi məlumatlandırma kampaniyasının təşkili barədə qəbul etdiyi qərar çərçivəsində keçirilib.