Azərbaycan Ordusunun sentyabrın 27-də başladılan cəbhə boyu əks-hücum əməliyyatı bu gün Ermənistanın kapitulyasiyası ilə nəticələndib. Ermənistanın təslim olması ilə bağlı bəyanatın rəsmi şəkildə elan edilməsindən sonra respublikamızın şəhər və rayonlarında vətəndaşlar küçələrə çıxaraq Qələbəni qeyd etməyə başlayıblar.

Unikal.org xəbər verir ki, Gəncədə də sakinlər Qarabağ müharibəsində əldə olunan zəfəri böyük sevgi, sevinc, qürur və coşqu ilə qarşılayıblar.

Prezident İlham Əliyevin xalqa müraciətindən sonra başlayan avtomobil yürüşü və şənliklərə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk də qatılıb, sakinlərlə birgə qələbə sevincini yaşayıblar. Səhər saatlarında isə şəhər rəhbərliyi və rəsmilər Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Gecə saatlarından başlayan zəfər yürüşündə maraqlı və duyğulu anlar yaşanıb. Əllərində üç rəngli dövlət bayrağı ilə küçələrə çıxan sakinlər "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.

Zəfərin mübarək, Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!