Düz 28 il hər açılan sabahın bir müjdə gətirəcəyinə ümidlə yaşadıq, şüurumuzla, qəlbimizlə o günün gələcəyini, o xoşbəxt sabahın açılacağını gözlədik. Bu gün o sabah açıldı. Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın həmrəyliyi, rəşadətli ordumuzun cəsarəti və Ali Baş Komandanımızın müdrikliyi oldu.
Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməmiş ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, canını döyüş meydanlarında qoydu, Qarabağın keçilməz dağlarında, dərələrində tökülən qanlarının izləri ilə Azərbaycanı o alınmaz Şuşa qalasına qədər gətirib çıxardı. Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Bu gündən etibarən dünyanı bir başqa rəngdə görməyə, yaşamımızı bir fərqli ovqatda davam etdirməyə başlayırıq. Yeni həyat başlayır.
Artıq bu gün Qələbə müjdəsinin gözlərimizi yaşartdığı, Qələbə qürurunun başımızı ucaltdığı, xoşbəxtlik hisslərimizin sinəmizə sığmadığı bir günlə başlayırıq həyatımıza. Bəli, illər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı böyük qürur və sevinc hissləri keçirir. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda canından-qanından keçən rəşadətli əsgər və zabitlərimizə böyük təşəkkür edirik.
Xalqımızı, Türkiyə və Azərbaycan qardaşlığını, qələbə sevincini qeyd edən hər iki ölkə vətəndaşlarını təbrik edirik. Eyni zamanda, inanıram ki, xalqımız həmrəyliyi ilə bir bəladan xilas olduğu kimi, öz həmrəyliyi ilə koronovirusla mübarizəyə də sinə gərəcəkdir. Bilirsiniz ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu bəladan da xalqımızı qurtarmaq üçün maksimum tədbirlər görülür. Hər bir şəxsin sosial məsuliyyətdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv olması ilə nəticələnər. Tətbiq olunmuş məhdudiyyətlərə əməl etmək lazımdır. Bu məhdudiyyətlərin tətbiqi yalnız əhalimizi qorumaq üçündür. Təhlükənin öhdəsindən həm özümüz qaydalara əməl etməklə, həm də hər birimiz qaydaları pozanlara etiraz etməklə gələ bilərik. Tətbiq olunan qaydalar milli təhlükəsizlik və milli həmrəylik məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov