Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən avqust və sentyabr ayları üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 22 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 161 nəfər könüllüyə mükafat ödənilib.
Unikal.org xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 9 nəfər tibb işçisinə avqust ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 19 min manat məbləğində, 13 nəfər tibb işçisinə isə sentyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 24 min manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, 66 nəfər könüllüyə avqust ayı üzrə ümumilikdə 16.5 min manat, 95 nəfər könüllüyə isə sentyabr ayı üzrə ümumilikdə 23.5 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.