Noyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, spiker ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Əlcəzairlə əlaqələrin inkişafına Azərbaycanın böyük önəm verdiyini bildirib.
Sədr bu görüşün ölkəmiz üçün əhəmiyyətli tarixi günlərin yaşandığı bir dönəmdə - Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi bir vaxtda baş tutduğunu diqqətə çatdırıb. Sahibə Qafarova erməni işğalçılarına qarşı mübarizədə tutduğu mövqeyə görə qarşı tərəfə öz minnətdarlığını bildirib.
Görüşdə qeyd edilib ki, ortaq maraqların olduğu beynəlxalq və regional məsələlərin həllində, xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz davam etdirilir. Bu əməkdaşlıq sülhün, təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətlidir.
Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. Səfir qeyd edib ki, siyasi dialoqun davamlılığı ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da dərinləşməsinə töhfə verir.
Parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi deputatlar tərəfindən müxtəlif platformalarda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.
Görüşdə gender bərabərliyi, cəmiyyətdə və siyasətdə qadınların rolu, COVID-19 pandemiyasına qarşı mübarizə barədə və tərəfləri maraqlandıran digər məsələlər ətrafında danışılıb.