"Siyasət mümkün olanı əldə etməkdir. İndiki şəraitdə Azərbaycan ordusu böyük uğurlar qazanıb və mümkün olanın maksimumunu əldə edib".
Bu fikirləri Unikal.org-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli səsləndirib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli bəyanatdan sonra Rusiya bu məsələlərdə beynəlxalq hüquqa zidd olan hər hansı addım atmağa cürət etməyəcək: “İndiki şəraitdə Azərbaycan ordusu böyük uğurlar qazanıb və mümkün olanın maksimumunu əldə edib.
Doğrudur, Rusiya ordusunun bölgəyə gəlməsi və sülhməramlı fəaliyyətə başlaması müəyyən həyəcan yaradıb. Bu da təbiidir, çünki Rusiya sülhməramlıları Abxaziyada, Osetiyada özlərini o qədər də yaxşı göstərməyib. Burda da onların ermənipərəst mövqe tutacaqlarını güman edənlər var. Müsbət məqam odur ki, Türkiyə Monitorinq Mərkəzində təmsil olunacaq. Yəqin ki, elə sülhməramlı qüvvələrin tərkibinə də qatılacaqlar. Türkiyə Azərbaycana və Cənubi Qafqaza möhkəm daxil olub və möhkəmlənməkdə də davam edəcək. Türkiyə Monitorinq Mərkəzində təmsil olunur. Türkiyənin ixtiyarı olacaq ki, bütün Laçın koridorunda, bütün sülhməramlılar yerləşən ərazilərdə dronlarla, müxtəlif texniki vasitələrlə monitorinq həyata keçirsin. Hər hansı pozuntu aşkar ediləndə bunun qarşısını alsın. Türkiyə regiona ciddi gəlib və zənnimcə, Türkiyənin köməyi ilə biz monitorinq prosesini uğurla həyata keçirəcəyik”.
Politoloq onu da qeyd edib ki, Azərbaycanın tam gücü, qüdrəti var idi ki, ermənilər üzərində tam və qətiyyətli qələbə qazanaq və onları burdan tamamilə qovub çıxarsın: “Kəlbəcərdən, Laçından, Qubadlı və Ağdamın yerdə qalan hissələrindən erməniləri qovb çıxara bilərik. Amma xristian dünyası bu məsələlərdə Azərbaycana böyük təzyiqlər göstərdi. Haqsız və hüquqazidd təzyiqlər göstərdi. Biz öz torpaqlarımıza soxulmuş yağı düşməni bu torpaqlardan çıxarırdıq. Heç kəsə ziyan vurmurduq, sadəcə öz torpaqlarımızı azad edirdik. Buna dözməyən, bununla barışa bilməyən qüvvələr – Amerikadan tutmuş Fransaya kimi atəşkəs imzalamağı tələb etdilər. Amma nəticə etibarı ilə biz mümkün olan qələbəni əldə etdik”.
Coşqun Əli