Səlim Müslümov iri məmurların əlində qalıb
13:17 28-12-2012
İQTİSADİYYAT
Səlim Müslümov iri məmurların əlində qalıb
DSMF sədri onlardan «yuxarılar»a şikayət etmək məcburiyyətində qalıb
Təxminən iki ay əvvəl bəzi mətuat orqanlarında maraqlı məlumat yayıldı. Həmin məlumat heç də hansısa qeyri-müəyyən «etibarlı mənbə»nin bilgisinə əsaslanmırdı. Əksinə rəsmi rəqəmləri ifadə edirdi.
Mətbuatda yazılırdı ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) daxilolmaları ilə bağlı ciddi problemləri yaranıb. Doğrudur, 9 ayın hesabatına görə, bu il gəlirlərin 1 milyard 833, 9 mln. manat təşkil etdiyi bildirilir. Məcburi dövlət sosial sığorta haqları üzrə daxil olmaların 61, 2 faizi və ya 612, 5 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsinin gücləndirildiyi deyilir. 2012-ci ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 388 mln. manat təşkil edib,və.sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxil olmalar 5, 2 mln. manat olub. 2012-ci ilin yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 1 milyard 809, 6 mln. manata çatıb.
Təhlillər göstərirdi ki, DSMF-nin statistikasında sosial sığorta ödəmələrindən büdcə təşkilatları ilə özəl neft sektorunun payını çıxdıqda, çox acınacaqlı mənzərə
yaranır. Məlum olur ki, qeyri-neft özəl sektor üzrə daxilolmalar ildən-ilə azalır. Tendensiya davam edərsə, gəlirlər yaxın bir neçə ilə minimum həddə düşə bilər.
İddialara görə, özəl sektorda ödəmələrin azalmasının başlıca səbəbi kiçik və orta sahibkarlara qarşı bəzi dövlət qurumlarının total təzyiqləridir. Nəticədə yüzlərlə gəlirli müəssisə fəaliyyətini dayandırıb ki, bu da DSMF ödənişlərinin azalmasına gətirib çıxarıb.
Ən ciddi səbəb olaraq isə iri şirkət və holdinqlərin sosial sığorta ödəmələrindən yayınmaları göstərilirdi. Məsələn, bəzi qəzetlər yazmışdı ki, arxalarında bəzi oliqarxların dayandığı heç bir şübhə doğurmayan bir çox inhisarçı holdinqlər heç bir ödəniş aparmır. Halbuki onların biznes strukturlarında minlərlə işçi çalışır. Belə davam edərsə, Fond büdcə transferlərindən tam asılı vəziyyətə düşə bilər.
Əldə etdiyimiz məlumata görə, vəziyyət olduqca ciddidir və əgər belə davam edərsə yaxın illərdə ölkənin pensiya sistemində ciddi krizis meydana çıxa bilər. Artıq DSMF sədri Səlim Müslümov da bununla bağlı hökuməti xəbərdar edib və bəzi oliqarxların nəzarətindəki holdinqlərin ödənişlər etməsi üçün tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.
İddia edilir ki, Səlim Müslümov əvvəlcə yaranmış problemi təkbaşına çözmək qərarına gəlib və hərəkətə keçib. Amma DSMF sədri iri
məmurlara söz eşitdirməyi bacarmayıb və onun bütün səyləri səmərəsiz qalıb.
Məhz bundan sonra Fond sədri problemi öz təsir imkanları ilə həll edə bilməyəcəyini görüb, hətta zaman-zaman bununla bağlı media vasitəsilə üstüörtülü göndərdiyi ismarıcların da faydasız qaldığının fərqinə varıb və belədə durum barədə «yuxarılar»ı xəbərdar etmək qərarına gəlib. Məlumatlarda o da bildirilir ki, Səlim Müslümovun əlində bəzi iri məmurların şirkətlərinin işçi və gəlir sayı barədə konkret bilgilərdən ibarət dosyelər var, həmin dosyelərdən sözügedən şirkət və ya şirkətlər qruplarının ödəniş edəcəyi təqdirdə pensiya sistemini sarsıda biləcək böhranın önlənməsinin mümkünlüyü açıq görünür.
O da istisna edilmir ki, Səlim Müslümovun şikayətlənmələri bəzi iri məmurları əsəbləşdirsin və onlar DSMF sədrinə qarşı «gizli savaş» elan etsinlər. Əgər belə olarsa, Fond rəhbərinin hökumət içində mövqeləri sarsıdıla və onun «vurulması» üçün zəmin hazırlana bilər.
Axı bəzi oliqarxlar özləri haqqında hətta haqlı iradları da qəbul etmir və belə iradları səsləndirənləri cəzalandırmaq qərarına gəlirlər. Keçənlərdə bir çox yüksək vəzifəli şəxsin «vurulması» belə bir təcrübənin nəticəsidir. İndi onların həmin nəticəni Səlim Müslümova «yaşatmağa» çalışacaqları da gözardı edilməməlidir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07