Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov onlayn iclası açaraq Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə münasibətilə təbriklərini çatdırdı. Sonra partiyamızın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib.
Unikal.org xəbər verir ki, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu haqqında iştirakçılara ətraflı məlumat verən Cavid Osmanov bildirib ki, 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan tarixi bir gündür:
"Elə bir gün ki, həmin gündən yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olunmaqdan qurtulmasının əsası qoyulub. 1992-93-cü illərdə AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. İnsanlar birmənalı şəkildə dərk edirdilər ki, Azərbaycanı xilas etməyin yeganə yolu Heydər Əliyevin hakimiyyətə gəlməsidir. Heydər Əliyevin hakimiyyətə sivil yolla gəlməsinin forması kimi Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyası yaranandan sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi insanların bu istəyinin nə dərəcədə dərin olduğunu təsdiqlədi. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Heydər Əliyev hakimiyyətə gəlməsəydi, biz tamamilə fərqli taleyi yaşayacaqdıq. Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxarıb. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, böyük islahatlar həyata keçirildi, erməni təcavüzünün qarşısı alındı, separatizm yerində boğuldu və Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yaranıb.
Azərbaycan Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin sayəsində bu gün dünya reytinqlərində ən yüksək yerlərdə durur. Bu gün insanlarımız sabit, sürətlə inkişaf edən ölkədə yaşamaqdan qürur duyurlar,doğma Azərbaycanımız Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilmişdir. Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti durur. Azərbaycan vətəndaşlarının böyük hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu inamı isə sentyabr ayının 27-dən başlayan, tariximizə qızıl hərflərlə yazılacaq İkinci Qarabağ müharibəsində cənab Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da bərkitdi və əbədi etdi. Bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır. İndi hər birimiz azərbaycanlı olmağımızın qürurunu yaşayırıq. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət isə onun döyüş meydanında can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb.
30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və biz öz torpaqlarımızı işğaldan azad etdik. Qələbənin təmin olunmasının mühüm səbəblərindən biri də müzəffər Azərbaycan Ordusu, igid hərbçilərimizdir. Güclü Ordumuz olmasaydı, torpaqlarımızı azad edə bilməzdik. 30 il əvvəl Azərbaycan zəif olduğuna görə torpaqlarımız işğal olunmuşdusa, bu gün dövlətimizin qüdrəti, Ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Qələbəmizin həlledici amili əlbəttə ki, ölkə Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı məhz müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim Qələbəmizlə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad edə bildik. Bu Qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda sülh və firavanlıq üçün də etibarlı zəmin yaradacaqdır. Tarix öz şərəf səhifəsində Prezident İlham Əliyevin adını əbədi həkk edəcəkdir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev vaxtilə bildirmişdi ki, onun başa çatdıra bilmədiyi işləri İlham Əliyev sona çatdıracaqdır. Müdrikcəsinə deyilmiş bu fikirlər hazırda həyata keçir. Bu Qələbə Prezidentimizin, xalqımızın və Ordumuzun birliyinin, milli həmrəyliyimizin parlaq təzahürüdür".
Çıxış edən partiya fəalları Şəhla Hacıbalayeva, Afət Ramazanova, Arzu Yaqubov, Ayaz Kərimov, Nizami Nuhov partiyanın yaradılmasının 28-ci ildönümü və qazanılmış Qələbə münasibətilə təbriklərini çatdırdılar.