Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Qarabağ müharibəsində qazandığımız tarixi Qələbə münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar ünvanlamaqda davam edirlər. Sevinc hisslərini ifadə etdikləri məktublarda onlar dövlətimizin başçısına minnətdarlıqlarını bildirir, Zəfər təbriklərini çatdırırlar.
Unikal.org Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Gürcüstanın Marneuli rayonundan Hacı Xəlilov yazır: “Hörmətli cənab Prezident, uzun illərdir işğal altında olan Qarabağ torpaqlarını azad etməklə Gürcüstan azərbaycanlılarına da böyük sevinc bəxş etdiniz. Bu böyük Qələbə münasibətilə Sizi və bütün azərbaycanlıları ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Allah Sizin və Azərbaycanın keşiyində duran əsgərlərimizin daim yardımçısı olsun! İnşallah!”.
Bakı şəhərinin sakini İsmayıl Rəhmanzadə: “Müzəffər Ali Baş Komandan İlham Əliyev, mənim 11 yaşım var. Biz hər gün televizordan müharibə barədə verilən məlumatları diqqətlə izləyirdik. Hər dəfə Qələbə xəbərlərini Sizdən eşidəndə çox sevinir və qürur hissi keçirirdik. Noyabrın 10-da isə müharibənin bitdiyini və böyük Qələbə xəbərini eşitdiyimiz zaman sevincimiz yerə-göyə sığmadı. Bizə bu Qələbə sevincini yaşatdığınız üçün Sizə sonsuz təşəkürlərimizi bildiririk. Cənab Prezident, mənim bir arzum var, o da böyük sevgimi Sizə bildirmək üçün bərk-bərk qucaqlayıb öpməkdir. Ümid edirəm ki, bu arzum ürəyimdə qalmaz. Məktubumu Sizin tarixə düşən sözlərinizlə bitirirəm. Qarabağ Azərbaycandır!”.
“Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyimə ümid edirəm” - PrezidentŞəkidən Səyalı Rəhimova: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, mənim 97 yaşım var. Mən son 50 ildə sentyabrın 27-dən bu günə qədər olduğu kimi, sevindiyimi xatırlamıram. Otuz ilə yaxın müddətdə erməni faşistlərinin işğalı altında qalmış torpaqlarımızın azad olunması barədə Sizin televiziya ekranından xalqa verdiyiniz xəbərlər xalqımızda ruh yüksəkliyi yaratdı. Sizin möhtəşəm çıxışlarınızla yanaşı, döyüş tapşırıqlarını məharətlə yerinə yetirmiş qalib əsgərlərimizin əzmlə işğaldan azad etdikləri yerlərdə üçrəngli bayrağımızı sancıb, daha sonra Sizə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” deyə məruzələrini etmələri hər birimizin qəlbində qürur və sevinc hissini daha da artırırdı. Əlbəttə ki, müharibə olan ölkənin yaralısı və şəhidi olar. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza isə şəfa versin! Bu yaşıma qədər Qarabağda olmasam da, bu gün Qarabağın hər qarış torpağı alındıqca çox sevinirəm. Torpaq ulu babalarımızın əmanətidir, torpaqdan pay olmaz. Qarabağın hər qarışında əsgərlərimizin izləri, şəhidlərimizin canı, yaralılarımızın qanı var. Azadlıq ağacı şəhid qanı ilə suvarılar. Əminəm ki, Şuşanın işğaldan azad edilməsi xəbəri bütün dünya azərbaycanlıları və bütün türk dünyasını sevindirdi. Hamı bir-birini təbrik edir, gözaydınlığı verir, çünki bu əlamətdar bir gündür. Müzəffər Ali Baş Komandan, Siz şücaətli, mətin Ordumuzla yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdınız. Bu gün bütün şəhidlərin və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhları şad olacaq. Allah başda Siz olmaqla bütün zabit və əsgərlərimizi qorusun!”.
Lənkəran sakini Qalib Rəsulovun məktubunda deyilir: “Çox hörmətli cənab Prezident, icazənizlə Sizi, bütün xalqımızı, müzəffər, igid, mərd Ordumuzu yeni tarixi Qələbə münasibətilə öz adımdan, qəsəbəmizin bütün Qarabağ veteran və qaziləri adından səmimi qəlbdən təbrik edim, Sizə uzun ömür, firavanlıq, yeni-yeni zəfər dolu xoş günlər, illər arzulayım. Cənab Prezident, Sizə olan minnətdarlığımızı sözlə izah etmək mümkün deyil. Çünki Siz xəbis, qorxaq, yaltaq düşmənləri əzməklə xalqın ürəyində özünüzə daha böyük inam, Vətənə qarşı böyük məhəbbət yaratmısınız, dövlətimizə zəfər, Qələbə dolu sevincli günlər bəxş etmisiniz. Bu Qələbə şəxsən mənə bir müharibə əlili kimi aldığım yaraların ağrı-acısını unutdurdu. Mənim üçün bundan böyük hədiyyə ola bilməzdi. Cənab Prezident, Sizin mübarizliyiniz, aqilliyiniz sayəsində döyüş meydanında və informasiya mübarizəsində qalib olmağınız göz önündədir. Bunu gələcəyimizi əbədi nura boyayan əbədi liderimizin, Prezidentimiz İlham Əliyevin sayəsində əldə etməyimizlə fəxr edirik. Cənab Prezident, mənim atam daim namaz zamanı Sizə dualar edir. Allah Sizi qorusun! Eşq olsun Azərbaycan dövlətinə! Qarabağ Azərbaycandır!”.
Tovuz rayonundan Mehman Əmrahov yazır: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz, rəşadətli ordumuzun və xalqımızın fəaliyyəti nəticəsində Qafqazın incisi olan Şuşamız geri alındı, böyük Qələbəmiz əldə olundu. Bu Qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin təntənəsi, Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Siz Şuşanı qaytarmaqla xalqımızın mənliyini, qeyrətini və namusunu özünə qaytardınız. Bu milləti özünü-özünə tanıtdınız kim olduğunu göstərdiniz ki, bu da psixoloji cəhətdən çox böyük amildir. Biz inanırıq ki, Allahın köməyi, Sizin rəhbərliyinizlə ordumuz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirəcək, son daşımıza qədər hər bir yurdumuzu geri qaytaracaq. Yaşasın müzəffər Ali Baş Komandan, yaşasın müzəffər ordumuz, var olsun Azərbaycan xalqı. Qarabağ Azərbaycandır!”.
Şirvan sakini Cahangir Qasımov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Sizi və Sizin timsalınızda bütün Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyü uğrunda başlanmış Vətən müharibəsinin tam Qələbə ilə başa çatdırılması münasibətilə təbrik edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram”.
Beyləqan sakini Ramiz Ağayev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mənim 63 yaşım var. Qarabağın işğaldan azad olunmasını inanın ki, hər gecə yuxumda görürdüm. Sizin komandanlığınız və siyasi iradəniz sayəsində mənim yuxum gerçəkləşdi. İnanın ki, hər dəfə Sizin çıxışlarınıza baxdıqca sevincimdən gözlərim yaşarır. Siz yenilməz sərkərdə, Azərbaycanın atasısınız! Sizinlə fəxr edirik! Çox qürurluyuq ki, Sizin kimi mərd Komandanımız var. Allah şəhidlərimizə rəhmət, yaralı hərbçilərimizə şəfa versin. Siz erməni cəlladlarını “iti qovan kimi” qovdunuz. Sizi bağrıma basıb öpürəm. Mən dəmiryolçuyam. Arxa cəbhədə öz vəzifəmi canla-başla yerinə yetirirəm. Arzumdur ki, Siz Beyləqana səfəriniz zamanı mənim qonağım olasınız, bir fincan çay içməyə imkan tapasınız. Allah Sizi, Ordumuzu və xalqımızı qorusun!”.
Füzuli sakini Elmira Əhmədova: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə noyabrın 10-da bizə yaşatdığınız Qələbə sevincinə görə öz minnətdarlığımı bildirirəm. Sizə bu çətin məsuliyyətli işinizdə uğurlar arzulayıram. Ömrünüz uzun, nailiyyətləriniz bol olsun! Allah Sizi xalqımızın üzərindən əskik etməsin! Uca Tanrım Sizi, Ordumuzu və bütün xalqımızı qorusun!”.
Xocalı sakini Mürsəl İsmayıllı: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizi bu möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edirəm. Bizə bu xoş günü yaşatdığınız üçün sevincimizin həddi-hüdudu yoxdur. İşğal altında olan doğma torpaqlarımız rəhbərliyinizlə şanlı Ordumuz tərəfindən erməni işğalçılarından azad edildi. Sizin qətiyyətli siyasətiniz dövlətimizin ərazi bütövlüyünü bərpa edilməsi ilə nəticələndi. Allah Sizi və Mehriban xanımı qorusun!”.
Cəlilabad sakini Əlövsət Məmmədov: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı, sərkərdəsi, möhtərəm şəxsiyyəti, ağsaqqalı, böyük siyasətçisi, hər bir evin fəxri vətəndaşı, natiqi, xarici jurnalistləri yerində susduran, elmli, savadlı, xarici dövlət başçılarından hərtərəfli seçilən, yaraşıqlı, gözəl insan İlham Heydər oğlu Əliyev, biz cəlilabadlılar Sizi çox sevirik və hər zaman Sizin arxanızdayıq. Vətən müharibəsinin Qələbə ilə başa çatması bizi hədsiz sevindirir. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı, böyük sərkərdəsiniz. Ulu Öndər hakimiyyətə gələndə mənim atam televiziya ekranını öpüb dedi ki, axır ki ölkənin sahibi gəldi, bu insan ölkəni xaosdan, müharibədən qurtaracaq. Elə də oldu. Siz də Ulu Öndərin siyasətini çox uğurla davam etdirirsiniz. Azərbaycanı dünyada ən qabaqcıl ölkələrdən biri etmisiniz. Cənab Prezident, şəhid verməsək, torpağı azad etmək olmaz. Allah bütün şəhidlərə rəhmət etsin. Bu haqq savaşında hamı bir nəfər kimi cəbhəyə yollanıb torpaqlarımızı azad etmək istədi, Sizin arxanızda dayandı. Ali Baş Komandan, özünüzü qoruyun. Siz bizlərə, bu xalqa lazımsınız. Siz Azərbaycanın yeni tarixini yazdınız. İnanın ki, neçə əsrlər keçəcək, bu yeni tarixdən hər gün, hər saat danışılacaq və yazılacaq. Bunu ancaq Siz edə bilərdiniz, cənab Prezidentim. Sizə dünyaya səs salan müqəddəs yolda uğurlar, cansağlığı arzulayıram, yaraşıqlı və savadlı Prezidentim”.
Biləsuvar sakini Azad Quliyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, biz, Mübarizlər yurdu Biləsuvarın gəncləri Sizi tarixi Qələbə münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza yaşatdığınız bu xoşbəxtliyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin apardığınız uzaqgörən uğurlu diplomatik fəaliyyət öz bəhrəsini verdi, 30 illik işğala son qoyuldu. Siz Vətən müharibəsinin ilk günlərində xalqa verdiyiniz sözü, həmişə olduğu kimi, doğrultdunuz. Sizin qarşınızda duruş gətirə bilməyən erməni faşistləri, uşaq qatilləri məğlub olduqlarını rəsmən təsdiq etdilər. İndi üçrəngli bayrağımız həsrətində olduğumuz doğma, əziz Qarabağımızda dalğalanır. Azərbaycan xalqının qürurlu, cəsarətli, yenilməz xalq olması bir daha öz təsdiqini tapdı. Heç bir təzyiq, hədə-qorxu bizi haqq yolumuzdan döndərə bilməz, çünki bizim Sizin kimi Ali Baş Komandanımız, Prezidentimiz var. Sizin dediyiniz kimi biz haqq yolundayıq, yumruq kimi birik. Bu birlik isə əbədidir və əbədi olacaq! Bu Qələbə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Allah Sizi, müzəffər Ordumuzu və xalqımızı qorusun!”.
Xaçmaz sakini Xalidə Sultanova: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, Vətən müharibəsində göstərdiyiniz igidliyə, qəhrəmanlığa, mərdliyə görə bir Azərbaycan qadını, anası kimi Sizi və Mehriban xanımı ürəkdən təbrik edirəm. Hörmətli Prezident, Siz atanız ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirən igid oğul kimi Şuşanı, bütün Qarabağımızı işğaldan azad etdiniz, işğalda olan kənd və şəhərlərimizi xalqımıza qaytardınız. Hörmətli Prezident, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin qarşısında baş əyirik. Əziz Prezidentim, Allah lənətə gəlmiş qəddar, dinsiz-imansız Paşinyanı Sizin qarşınızda xar etdi. Bir daha Qələbə münasibətilə Sizi, bütün Azərbaycan xalqını, qəhrəmancasına vuruşan əsgərlərimizi təbrik edirəm. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Ağdam sakini Aişə Qasımova: “Hörmətli cənab Prezident, Sizi qazandığımız böyük Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə dərin təşəkkürümü bildirirəm. Biz ağdamlılar həmişə Sizə, Sizin siyasətinizə inanırıq. Sizin uğurlu siyasətiniz və Ordumuzun yenilməz gücü sayəsində biz bu gün torpaqlarımızın azad olunmasından çox xoşbəxtik. Sevinirik ki, tezliklə yurd həsrətimizi qurub-yaratmaq həvəsi əvəz edəcək. İnanırıq ki, Sizin kimi Prezidenti olan xalq heç vaxt yenilməz. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayır, ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Allah Sizi qorusun!”.
Ağdamın daha bir sakini Bəxtiyar Şirinov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, rəhbərliyiniz nəticəsində əldə edilən Qələbəmiz münasibətilə Sizi və rəşadətli Ordumuzu səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzu edirik. Müharibə başlayan gündən istər hərb meydanında, istərsə də siyasi arenada Sizin necə döyüşdüyünüzün şahidi olduq. Bu böyük zəfər Sizin, müzəffər Ordumuzun və xalqımızın şanlı Qələbəsidir. Bütün xalqımız, o cümlədən, biz - məcburi köçkünlər təklif edirik ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin.
Uca Tanrı Sizi, Ordumuzu, xalqımızı qorusun”.
Şəkidən Əşrəf Durmuşov: “Müzəffər Ali Baş Komandan, biz Sizi liderimiz, Milli Qəhrəmanımız, Prezidentlər Prezidenti hesab edirik. Biz Sizinlə fəxr edirik. Mən Sizin çıxışlarınızı çox həvəslə izləyirəm. Ümummilli lider Heydər Əliyevin və ananız Zərifə xanım Əliyevanın ruhları qarşısında baş əyirik ki, xalqımıza Sizin kimi dəyanətli şəxsiyyət bəxş ediblər. Cənab Prezident, Siz bütün dünyaya qalib gəldiniz, yumruğunuzun gücü budur. Hamı Sizə alqış edir, biz Sizinləyik. Mənim övladım da ön cəbhədə Vətənə olan borcunu yerinə yetirir. Cənab Prezidentimiz, Siz bizlərə ümid verdiniz, xalqımız heç vaxt Sizin bizə bəxş etdiklərinizi unutmayacaq. Siz ayağınızı qoyduğunuz yerə xalqımız canını qoyar. Qələbənin dadını bildik və gördük. Sevincimi sözlə ifadə edə bilmirəm. Siz bir dənəsiniz, Uca Yaradan Sizi qorusun! Eşq olsun Sizə! Siz Paşinyanın və ona bənzəyən müxbirlərin payını yaxşıca verdiniz. Siz qərəzli müxbirlərin cavabını layiqincə verəndə mən Sizi ayaq üstdə alqışladım, Sizinlə bir daha fəxr etdim. Cənab Prezident, mən on min əhalisi olan kənddə yaşayıram, bütün kəndimiz Sizi sevir, Sizinlə fəxr edir. Biz hamımız – kiçikdən böyüyədək Sizin arxanızdayıq. Siz bizim ömürlük Prezidentimizsiniz”.
Ağdam rayonundan Şahmar Rzayev: “Hörmətli cənab Prezident, hər bir xalqın prezidenti, rəhbəri var. Ancaq biz xoşbəxtik ki, xalqı öz dəmir yumruğu kimi ətrafında birləşdirib arxasınca aparan Sizin kimi bir liderimiz var. Məhz Sizin illərcə apardığınız düzgün siyasət, əzmkarlıq və qətiyyətli addımların nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz sərfəli yerini tutdu, güclü iqtisadiyyata və müasir orduya sahib oldu. O orduya ki, bir zamanlar Şuşada yallı rəqsinə oynayan Paşinyanı müasir silahların ritmi altında kapitulyasiya rəqsinə oynamağa məcbur etdi və zəfər qazandı. Öz uzaqgörənliyi, əqli və zəkası ilə dünyada şərəfli tarix yazan Prezidentimiz, Sizə və ailənizə bizə bu şərəfli anı yaşatdığınıza görə uzun ömür arzu edir və minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan! Yaşasın möhtərəm Prezidentimiz! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.
Füzuli sakini Könül Rzayeva: “Cənab Prezident, Qarabağın Fatehi, ilk öncə Sizi Qarabağ zəfəri münasibətilə təbrik edirəm. Bizə yaşatdığınız bu şanlı tarix üçün çox sağ olun. Mən Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulub böyümüşəm. Məcburi köçkün statusu ilə yaşasam da, daim ürəyimdə Vətənimin - Füzulimin nisgilini daşımışam. Bu həm də bir qürur tarixidir. Sizin və şanlı Ordumuzun sayəsində artıq başımı dik tuturam. Mən Tibb Universitetinin 5-ci kurs tələbəsiyəm. Torpaqlarımızın erməni işğalından azad olunması üçün başlatdığınız əks-hücum əməliyyatlarının ilk günündən, sonuncu yaralı əsgəri yola salana qədər könüllü olaraq Füzuli Müalicə Diaqnostika Mərkəzində yaralı əsgərlərimizə tibbi xidmət göstərdim. Bu xidməti qürur və fəxarətlə Vətənimə, qardaşlarımın axan qanları qarşısında vicdan borcum hesab edərək və Sizinlə zəfərə inanaraq etdim. Siz və birinci xanımımız Mehriban Əliyeva bizim ellərə, işğaldan azad olunmuş Füzuli şəhərinə gələrək bizi qürurlandırdınız, dövlətlə xalqımızın sarsılmaz birliyini bir daha göstərdiniz. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.