Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə videokonfrans vasitəsilə görüş keçirib.

Unikal.org  xəbər verir ki, görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktlarını, real çəkiliş əsasında sosial mediyada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb. Qeyd olunub ki, həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı təəssüf ki, hər hansı bir məlumat almaq mümkün olmayıb.

Ombudsman tərəfindən görüşdə əsir düşmüş iki hərbi qulluqçumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciələtini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerə çatdırıblar.

Ombudsman qeyd edib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən onun diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlayıb.

Xanım Bauer görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımları atacağını bildirib.