Erməni lobbisi müəyyən təsir vasitələri ilə Fransa parlamentini uşaq bağçası səviyyəsinə endirib. Noyabrın 25-də Fransa Senatında baş tutacaq müzakirələr bu qurumu növbəti dəfə rəzil duruma düşürəcək. Bunlar ya dərk etmirlər, ya da dərk etsələr də müəyyən səbəblərə görə mövcud reallıqla barışmaq istəmirlər. Azərbaycan Ordusu yeniləməz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələri həyata keçiriblər. Fransa tərəfi unutmasın ki, BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədlərin qəbulu üçün özü də səs verib.
Unikal.org xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AzərTAc-a müsahibəsində bildirib.
Fransa Senatının erməni lobbisinin əlində oyuncağa çevrildiyini xatırladan səfir deyib ki, parlament özünü elə aparır, sanki baş verənlərdən tamamilə xəbərsizdir. Məlum münaqişənin nizamlanması ilə bağlı Ermənistanın baş naziri təslimçilik sənədinə özü imza atıb. Azərbaycan bütün dünya tərəfindən qəbul olunan ərazi bütövlüyünü bərpa edir. Fransa Senatında təmsil olunanlar yaxşı bilirlər ki, bu istiqamətdə Türkiyə ilə Rusiya arasında da memorandum imzalanıb.
Minsk qrupuna həmsədr ölkələrin Ermənistan-Azərbaycan münaqişəsində bitərəf olmasını beynəlxalq hüququn tələbləri kimi dəyərləndirən səfir Hulusi Kılıç Azərbaycanı hazırkı mövqeyindən geri çəkməyə heç bir qüvvənin olmadığını vurğulayaraq deyib: “Vaxtilə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin ayrı-ayrı strukturlarının bundan sonra buna zidd olaraq qəbul edəcəkləri qanun və ya qərar ancaq qərəzli kağız parçası olacaq. Ötən otuz ilə yaxın zaman kəsiyində bütün dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələri barədə kifayət qədər məlumat əldə ediblər. İndi nə dəyişdi ki, birdən –birə Azərbaycana qarşı düşmənçilik açıq frazaya keçdi? Deməli, bunlar təsdiq edirlər ki, Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədikləri üçün aqressivləşiblər”.
Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyən səfir deyib ki, sülhsevər, ədalət axtaran, haqq və hüquqdan danışan dünya ictimaiyyəti real vəziyyətlə bağlı ədalətli çağırış etməlidir. Beynəlxalq hüquq öz sözünü deməlidir ki, gələcəkdə belə hallar təkrar olunmasın.