“Biz - Qoşulmama Hərəkatına sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görüşü keçirilmişdir”.
Unikal.org xəbər verir ki, bunu noyabrın 23-də işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.
“Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstərmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik. Biz bu gün təkcə Qoşulmama Hərəkatına yox, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır”, - dövlət başçısı bildirib.