Azərbaycan Ordusu noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. Ölkəmizin ən böyük rayonu mənfur düşmənlərdən, terrorçulardan azad olundu. Bu münasibətlə Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza təşəkkür edir, Xalqımızı, Kəlbəcərliləri təbrik edirəm.
Dövlətimiz BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı 822 saylı qətnaməsini özü icra etdi. 1990-cı illərin əvvəllərində Azərbaycanın anarxik ictimai-siyasi vəziyyətindən istifadə edən mənfur düşmənlər tərəfindən torpaqlarımız işğala məruz qalmışdır. Cənab Prezident İlham Əliyevin Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi “1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğalından sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir.” Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Kəlbəcərin azad olunması da noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycanın döyüş, diplomatiya və informasiya cəbhələrindəki mühüm qələbələri xalqımızı uzun illər həsrətində olduğu Qələbə Gününə yetirdi. Sentyabrın 27-də Ermənistan ordusunun başladığı müharibə 44 gündən sonra Silahlı Qüvvələrimizin tarixi Qələbəsi ilə başa çatdı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə zəfər yürüşünə başladı. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi. Nəticədə münaqişə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Xalq onu müqəddəs zəfər gününə qovuşduran Prezidentinin ətrafında sıx birləşib. Artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərə böyük köç ərəfəsindədir. 27 illik həsrətə son qoyuldu. Qarabağ Azərbaycandır!
Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov