Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və verilən tapşırıqların icrası ilə bağlı Qaradağ rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilib.
Unikal.org xəbər verir ki, noyabrın 25-də Qaradağ Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəaliyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılıb.
Eləcə də pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunub.
Fəaliyyətinə icazə verilmiş obyektlərin girişlərində sakinlərin hərarətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfaksiyaedici məhlulların mövcud olması, işçi heyətinin tibbi maskadan istifadəsi yoxlanılmışdır. Onlayn fəaliyyət göstərən kafe və restoranların yerində xidmət göstərməmələri və sanitar qaydalara riayət etmələri yoxlanılaraq müvafiq tövsiyələr və xəbərdarlıqlar edilib.
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə rayonun bütün qəsəbələrində həyata keçirdiyi tədbirlər davam edir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən noyabrın 25-də səhər saatlarından başlayaraq rayonun əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikaları və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı qəsəbələrin yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq rayon sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə xəbərdarlıq ediliblər.
Gün ərzində rayonunda kommunal xidmətlərinin 200 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görüblər
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Qeyd edək ki, rayonda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.