Çin Ay proqramının icrasının dördüncü mərhələsi çərçivəsində Ayda elmi tədqiqat stansiyasının inşasını planlaşdırır.
Unikal.org xəbər verir ki, bu barədə proqramın baş konstruktoru U Veycen bildirib.
Bir neçə zonddan (Ay orbitində və onun səthində) ibarət olacaq stansiya Yerin təbii peykində elmi texnoloji tədqiqatlar, eləcə də Ay resurslarının mənimsənilməsi və istifadəsi üçün texnologiyaların sınaqlarını aparacaq.
Konstruktor qeyd edib ki, Çin alimləri beynəlxalq Ay elmi tədqiqat stansiyasının yaradılması üzrə xarici həmkarlarla əməkdaşlığa hazırdırlar.
Çin noyabrın 24-də Ay səthindən Yer kürəsinə torpaq nümunələrinin çatdırılması üçün “Chang'e-5” Ay zondunu buraxıb. Bu hadisə Çində Ay proqramının üçüncü mərhələsinin başa çatması ilə əlamətdar olub.
Proqramın dördüncü mərhələsində materialların tərkibinin və Ayın kosmik mühitinin hərtərəfli tədqiqi, eləcə də elmi tədqiqat sınaqlarının və əsas texnologiyaların testi planlaşdırılır.