Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də ölkəmizin ən böyük rayonlarından olan Laçın rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciətində Dağlıq Qarabağda otuz ilə yaxın davam edən münaqişənin Azərbaycanın parlaq qələbəsi ilə bitdiyini və regionda yeni reallığın yaranmasını bəyan etdi. 

Uzun illər dövlətimiz hamılıqla tanınan beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti daşıyan BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmasına, işğalçı erməni silahlı qüvvələrinin ərazilərimizdən geri çəkilməsinə, məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın daimi yaşadıqları bölgəyə qayıtmalarına ciddi ümidlər bəsləyirdi.

Ancaq bunların əvəzində, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı, bəyanatları və açıq-aşkar təxribatları əyani şəkildə sübut etdi ki, erməni tərəfi regionda sülhün və əmin-amanlığın bərqərar olmasında maraqlı deyıldir. Öz hərbi doktrinasının guya müdafiə xarakteri daşıdığını bəyan edən Ermənistan de-fakto yalnız militarist siyasətin yürüdülməsi, qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi, işğal prosesinin davam etdirilməsinə köklənib.

Bunun bariz nümunəsini Ermənistanın mənfur müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatı bir daha təsdiq edib. Bu məsuliyyətsiz bəyanatın qarşılığını Azərbaycan ordusu döyüş meydanında verdi, böyük uğurla tarixi salnamə yazdı, Dağlıq Qarabağda möhtəşəm bayrağımızı ucaltdı, torpaqlarımızın işğalına son qoydu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi hərbi-siyasi strategiya işğalçı erməni silahlı qüvvələrinin darmadağın edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnərək, regionda yeni reallıq yaratdı və yeni əməkdaşlıq formatının bünövrəsini qoydu.

Əlbəttə, tam açıqlığı ilə qeyd etmək lazımdır ki, bölgədə baş verən hadisələr heç də hamının ürəyincə olmayıb.

Otuz ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupunun həmsədri olan və heç bir uğura imza atmayan Fransa Azərbaycan ordusunun parlaq qələbəsi nəticəsində birdəfəlik həll edilən münaqişəni yenidən alovlandırmağa çalışır.

Fransa senatının mənfur qətnaməsi buna bariz nümunədir. Görünür, fransız senatorların, ümumiyyətlə, öz dövlətlərinin bu münaqişəyə dair münasibətindən xəbərləri yoxdur. Dağlıq Qarabağa dair BMT-nin Təhlükəsizlik Şurasının hər dörd qətnaməsi yekdilliklə qəbul edilib və Fransa nümayəndələri çıxışlarında erməni silahlı qüvvələrinin işğalçı hərəkətlərini kəskin formada qınayıblar. 

29 iyul 1993-cü il tarixli, 853 saylı qətnamənin müzakirəsi zamanı Fransa nümayəndəsi Ladsu qeyd edib:

“ATƏT-in missiyasının bölgəyə son səfəri zamanı öz üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnən erməni qüvvələrinin Ağdama hücumlarının qınanılması tələb olunur. Qətnamə məhz bunu birmənalı olaraq edir”. 

Daha da sərt bir mövqe Fransa nümayəndə heyəti tərəfindən 12 noyabr 1993-cü il tarixli, 884 saylı qətnamənin müzakirəsi zamanı nümayiş etdirilib. Fransa təmsilçisi Merime bəyan edib:

“Mənim hökumətim Dağlıq Qarabağ münaqişəsində iştirak edən tərəflər arasında hərbi əməliyyatların bərpası və mülki əhalinin iztirablarını artıran on minlərlə insanın zorla köçürülməsinə səbəb olan Zəngilan rayonunun işğalından ciddi şəkildə narahatdır. Bu hadisələr ən sərt qınağa layiqdir...

Torpaqların güc yolu ilə əldə edilməsi yolverilməzdir və bunun danışıqlar üçün əsas kimi qəbul edilməsinə yol vermək olmaz. Hərbi əməliyyatların dərhal dayandırılmasını, işğalçı qüvvələrin Zəngilan rayonundan birtərəfli şəkildə çıxarılması və ATƏT-in Minsk qrupunun yenidən hazırlanmış qrafikinə uyğun olaraq, Azərbaycan Respublikasının bu yaxınlarda işğal olunmuş rayonlarını tərk etməsini tələb edirik”. 

Burada təbii bir sual ortaya çıxır. Görəsən, fransız senatorların, ümumiyyətlə, BMT-nin Nizamnaməsindən xəbərləri varmı? Məhz Ermənistan Respublikası Nizamnamənin 2-ci maddəsinin tələblərinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə silahlı güc tətbiq edərək, şəhər və kəndlərimizi işğal edib.

Məhz Ermənistan, onun rəhbərləri, separatçı marionet rejimi etnik təmizləmələr, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar. Azərbaycanın mülki əhalisi, mülki infrastruktur obyektləri nəinki münaqişə zonasında, hətta ondan çox uzaqda yerləşən Qəncə, Bərdə və digər yaşayış məntəqələrimiz erməni sılahlı birləşmələri tərəfindən ballistik raketlərdən və qadağan olunmuş klaster (kasset) sursatlarından istifadə etməklə hücumlara məruz qalıb.

Bu barbarlıq aktları nəticəsində 93 nəfər mülki şəxs qətlə yetirilib, 407 nəfər ağır xəsarət alıb, 3326 yaşayış tikilisinə, 504 mülki obyektə, 120 çoxmənzilli binalara ziyan vurulub. Bu əməllər beynəlxalq humanitar hüququn təməlini təşkil edən 12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul olunmuş I saylı Əlavə Protokolunun kobud pozuntusu olaraq, müharibə cinayətləri kimi tövsif edilir.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla əlaqədar fransız senatı tərəfindən qəbul edilən qətnamə əhəmiyyətsiz kağız parçası olaraq, Avropanın siyasi və hüquqi tarixinin ən qara səhifəsi kimi yaddaşlarda qalacaq. Şübhəsiz ki, müasir beynəlxalq hüquq normaları və prinsipləri, sivil dövlətlər tərəfindən qəbul edilən ünsiyyət qaydalari ilə ziddiyət təşkil edən Fransa senatının mövqeyinin regionda yaranmış yeni reallıqlara heç bir təsiri olmayacaq və mühüm proseslərdən kənarda qalan bir dövlətin aciz addımı kimi qiymətləndirilməlıdır.

Azərbaycan dövləti öz gücünü və qüdrətini bir daha nümayiş etdirərək, əzəli və əbədi ərazilərini öz yurisdiksiyasına qaytardı və Ermənistanın işğalçı qoşunlarını, qanunsuz məskunlaşan erməniləri sayca yeddinci rayonumuzdan çıxarmaqla Dağlıq Qarabağ ətrafında bütün torpaqlarımızın azad edilməsini möhtəşəm qaydada başa çatdırdı. 
      
Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru