İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilat “Amnesty International” əməkdaşı Donatella Rovera Ermənistanın Azərbaycana qarşı təcavüz aktlarından bir neçəsi barədə faktları təqdim edib.

Unikal.org xəbər verir ki, qurumun böhranlarla bağlı baş məsləhətçisi vəzifəsini daşıyan D.Rovera bu mövzuda “Twitter” səhifəsində silsilə paylaşımlar edib.
Kəlbəcərdə erməni vandalları tərəfindən dağıdılmış Azərbaycan məzarlarının fotolarını paylaşan xanım Rovera yazır:

“Qarabağda, Kəlbəcər rayonunda bir qəbristanlıqda dağıdılmış məzarlar. Burada 1993-cü ildəki işğaldan əvvəl azərbaycanlılar dəfn edilib. Məzarlardan bəzilərinin təzəcə dağıdıldığı görünür. Bunu 27 illik işğaldan sonra Kəlbəcəri bu yaxınlarda tərk edən ermənilər edib”.

Kəlbəcərdə yerləşən dağıdılmış evlərin də fotosunu paylaşan Donatella Rovera azərbaycanlıların işğal zamanı tərk etdiyi evlərin qapı-pəncərəsinin də məhv edildiyini yazıb: “Sadəcə divarlar qalıb”.

“Amnesty International” təşkilatının əməkdaşı həmçinin Ermənistanın Gəncədə mülki əhalini bombalaması nəticəsində həlak olan uşağın ailəsi ilə də görüşüb.

“Nigarın anası mənə dedi: "O mənim yeganə övladım idi, mənim hər şeyim idi". 17 oktyabrda Nigar 15-ci doğum günü ərəfəsində qohumları və qonşuları, o cümlədən bir neçə uşaq ilə birlikdə Ermənistan qüvvələri tərəfindən Gəncəyə - Azərbaycana edilən ballistik raket hücumu nəticəsində öldürüldü”, - deyə D.Rovera yazıb.

Təşkilatın nümayəndəsi Gəncəyə hücum zamanı həlak olan Anar və Nurçin cütlüyü haqqında da paylaşım edib. Anarın atası ilə görüşən Donatella Rovera qeyd edib:

“Anar və Nurçin 8 qonşusu ilə birgə 11 oktyabrda Ermənistan qüvvələri tərəfindən növbəti ballistik raket zərbəsi nəticəsində evlərində yuxuda ikən öldürüldü. Anarın kədərli atası Anar və Nurçinin indi yetim qalan 2 uşağının olması barədə oğlunun dağılmış evinin yanında mənə dedi”.