"Zaman göstərdi ki, bizim həmişə yanımızda olan həqiqi dostlarımız var. Onlar Azərbaycanın haqq-ədalət işini dəstəklədilər".
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov söyləyib.
Miillət vəkili qeyd edib ki, dost ölkələr Qarabağdakı quruculuq işlərində yaxından iştirak edəcəklər: "44 gün davam edən Vətən Müharibəsində cənab prezident xalqa müraciətlərində bir məsələni xüsusi qeyd etmişdi ki, biz bu müharibədə dostlarımızı və yanımızda olmayanları tanıdıq. Zaman göstərdi ki, bizim həmişə yanımızda olan həqiqi dostlarımız var. Onlar Azərbaycanın haqq-ədalət işini dəstəklədilər. Həmçinin yanımızda olmayan qüvvələr də oldu. Bəzi ölkələr və beynəlxalq təşkilatlar bizim haqq işimizə kölgə salmağa çalışdılar. 1 dekabrdan sonra biz post-müharibə dövrünə qədəm qoymuşuq. Qarşımızda yeni hədəflər var. Bu hədəflər işğal azad etdiyimiz əraziləri inkişaf etdirmək, yeni quruculuq işləri görməkdir. Orada yeni perspektivlər açılır. Cənab prezidentin qeyd etdiyi kimi, həmin torpaqları təkcə Azərbaycanın deyil, dünyanın ən gözəl guşələrindən birinə çevirəcəyik. Əlbəttə ki, bunun üçün həmin bölgələrə xarici şirkətlər və əcnəbi investorlar cəlb olunacaq. Bu şirkətlər və investorlar dost dövlətlərin şirkətləri və iş adamları olacaq. Azərbaycanın yerli şirkətləri ilə yanaşı bizi əvvəldən axıra qədər dəstəkləyən, indi də dəstəkləməyə davam edən ölkələrin şirkətlərinə quruculuq prosesində iştirak üçün şərait yaradılacaq. Birgə səylərlə işğaldan azad olunmuş ərazilər qüdrətli Azərbaycanın gözəl bir hissəsinə çevriləcək. Anti-Azərbaycan mövqeyi ilə seçilən qüvvələr və yanımızda olmayan ölkələr nələr itirdiklərini anlayacaqlar".
Orxan Həsənli