Milli Məclisin Əmək və sosial siyasət komitəsinin onlayn formatda iclası keçirilib.
Unikal.org xəbər verir ki, onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.
Komitə sədri Musa Quliyev bildirib ki, sentyabrın 27-dən başlayan 44 günlük müharibə ilə Azərbaycan ordusu xalqımıza unudulmaz zəfər bəxş edib. Bu zəfər Azərbaycanın dövlətçilik tarixinə və döyüş salnaməsinə qızıl hərflərlə həkk edilib. Musa Quliyev başda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla bu möhtəşəm qələbədə əməyi olan əsgər və zabitlərimizi, qazilərimizi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət diləyib.
Musa Quliyev deyib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” Sərəncamlarından irəli gəlib. Layihəyə əsasən Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə isə Məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir: “Hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir.
Qanun layihəsi yekdilliklə Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.