Dekabrın 20-də saat 20 radələrində İsmayıllı rayon sakini 2002-ci il təvəllüdlü Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

 

Bu barədə Unikal.org-a İsmayıllı rayon prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Fərid Musayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. Səxavət Məsimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.