Donald Tramp Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmana məsuliyyətdən yayınmaqda kömək edib.

Unikal.org xəbər verir ki, bu iddia ilə "Washington Post" nəşri çıxış edib. Belə ki, Trampın Səudiyyə Ərəbistanı xüsusi xidmət orqanlarının əməkdaşı olmuş Saad Əl-Cəbriyə qarşı təşkil olunmuş sui-qəsd cəhdi ilə bağlı şahzadənin məhkəmə prosesində ittiham edilməsini əngəlləməyə çalışdığı iddia olunur. Tramp administrasiyasının bunun hüquqi yollarını axtardığı bildirilir.

Qəzet bildirir ki, əgər bu işdə Bin Salmanı qorumaq mümkün olarsa, presedent hüququna əsaslanan ədliyyə sisteminə görə jurnalist Camal Qaşıqçı cinayətinə görə də şahzadənin məsuliyyətdən yayınması təmin oluna bilər.

Qeyd edək ki, ABŞ federal məhkəməsinə müraciət edən Saad Əl-Cəbri isə şahzadə ilə mübahisələri yarandıqdan sonra Qaşıqçını qətlə yetirmiş xüsusi dəstənin Bin Salman tərəfindən Kanadaya göndərildiyini və ona sui-qəsd hazırlandığını bildirib. Federal məhkəmə hazırda uğursuz sui-qəsd cəhdi ilə bağlı işə baxır.