Ermənistanda hakimiyyətin güc yolu ilə dəyişdirilməsi ehtimalları gündəmdədir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, artıq bu barədə ictimai müzakirələr var. Mətbuatda bu mövzuda araşdırmalar yer alıb.

Ermənistanın ombudsmanı da bu mövzuya münasibət bildirib və müxalifətə çağırış ünvanlayıb. Sözügedən çağırış ombudsmanın sosial şəbəkədəki səhifəsində yerləşdirilib. Arman Tatoyan qeyd edib ki, aksiyalar zamanı bir sıra müxalifət liderləri silaha sarılmaqla bağlı çağırışlar edir və hakimiyyəti güc yolu ilə ələ keçirmək, hərbi çevriliş barədə danışırlar. Bütün bunların yolverilməz olduğunu bildirən Tatoyan hazırki mərhələdə ölkədə insan haqlarının qorunması barədə iqtidarla birlikdə müxalifətin də üzərində məsuliyyət olduğunu xatırladıb.

Ombudsman bəyan edib ki, bütün siyasi qüvvələr mübarizəni konstitusion yolla, qanuni və dinc metodlarla aparmaq barədə öhdəlik götürməli və məsuliyyətsiz bəyanatlardan çəkinməlidirlər. İnsan haqlarını müdafiə etməkdən danışan müxalifətin təhdid tonunda çevrilişdən bəhs etməsinin uyğunsuz olduğu bildirilib.

Qeyd edək ki, Ermənistanda siyasi vəziyyət gərgin olaraq qalır. Artıq bir sıra ekspertlər hakimiyyətin güc yolu ilə dəyişdirilməsi ssenarilərinin real ola biləcəyini proqnozlaşdırır.