İsrailin baş naziri Benyamin Netanyahu digər ərəb və müsəlman ölkələri ilə də münasibətlərin düzəldiləcəyi anonsunu verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi təmsilçisi Kelli Kraftla görüşən baş nazir çıxışı zamanı bu mövzuya toxunub.

"Bəzi ərəb ölkələrinin bu addımı atdığını, bəzilərinin atmaqda olduğunu görürük. Gözlədiyimizdən daha çox ölkənin və təxmin etdiyimizdən daha sürətli şəkildə normallaşma prosesinə daxil olacağını da görəcəyik. Başqa müsəlman ölkələri ilə də münasibətləri normallaşdıracağıq", - deyə Netanyahu əlavə edib.

"The Jerusalem Post" qəzeti isə İndoneziya və Omanın bu qərarı verməyə yaxın olduğu barədə məlumat dərc edib.

Qeyd edək ki, qonşuları Misir və İordaniya istisna olmaqla, uzun illər ərəb ölkələri ilə diplomatik əlaqəsi olmayan İsrail 2020-ci ildə BƏƏ, Bəhreyn, Şimali Sudan və Mərakeşlə münasibətləri normallaşdırıb.