ABŞ-ın İrana qarşı sanksiyaları ləğv etməsi ehtimalı İrandakı seçkilərə az təsir edəcək.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İrandakı siyasi palitranın islahatçı qanadı bu qənaətdədir. Belə ki, Co Baydenin prezident seçilməsindən sonra sanksiyalarla bağlı məsələdə müəyyən ümidlər yaransa da, bunun İrandakı seçkilərə təsirinin minimum olacağı düşünülür.
Belə ki, İranda 2021-ci ilin iyun ayında prezident seçkilərinin keçirilməsi planlaşdırılır. Qərblə dialoq və mötədil siyasət tərəfdarı olan islahatçı qanadın mühafizəkarlara üstün gəlməsi üçün Qərbin atacağı hər hansı müsbət addımın nəzərəçarpan nəticələri müşahidə edilməlidir. İslahatçılar belə düşünür ki, hətta Co Bayden sanksiyaları yumşaltmaq və optimist ssenaridə ləğv etmək barədə qərar versə belə, bu, iyundakı seçkilərə çox da təsir etməyəcək. Çünki ABŞ-da hüquqi prosedurlar və qərar qəbulu mexanizmi xeyli mürəkkəbdir və ABŞ prezidentinin fəaliyyətinin ilk yarımilliyində bu qərarın qüvvəyə minməsi və icrasını təmin etməsi müşkül görünür.
İslahatçı təhlilçilər hesab edir ki, seçkilər zamanı Qərbin sanksiyalarını arqument kimi təqdim edən mühafizəkarlar sosial-iqtisadi durumun ağırlığının səbəbkarı kimi ABŞ-ı göstərəcək və islahatçıların reytinqini ictimai rəyin gözündə aşağı salmağı bacaracaq. Bu, seçkilərin nəticələri baxımından həlledici amil ola bilər.