Polis əməkdaşlarının keçirdiyi sonuncu əməliyyatlar zamanı 10 kq-dan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəlcə vətəndaş Pərvin Vəliyeva saxlanılıb. Onun üzərinə və evinə baxış zamanı ümumilikdə 4 kq 709 qram heroin, 3 kq-a yaxın psixotrop maddə olan metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Pərvin Vəliyeva narkotik vasitələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından əldə edib.
Polis əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Tərlan İsrafilov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı ümumilikdə 100 qrama yaxın heroin, 120 qram marixuana, 73 qram metamfetamin, 3 ədəd elektron tərəzi və bir ədəd tapança aşkar edilərək götürülüb.
Həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan vətəndaş Cəmil Əhmədov saxlanılıb. Ondan 1 kq 150 qram qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, narkotik vasitələri Cəmil Əhmədova həmyerlisi Cəlal Quliyev satıb. Həmin şəxs də saxlanılaraq istintaqa təqdim edilib.
Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş şəxslər Məhəmməd Həbibov və Aynur Yaqubova saxlanılıblar. Məhəmməd Həbibovdan 1 kiloqram 144 qram heroin, 175 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilib. Aynur Yaqubovadan isə 130 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Sonuncu silsilə əməliyyatlar zamanı polis əməkdaşları tərəfindən 10 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı DİN-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.