Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın erkən seçkilərlə bağlı konsultasiya çağırışını rədd edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif Daşnaksütun Partiyasının funksioneri İşxan Saqatelyan öz "Facebook" səhifəsində bu barədə paylaşım edib. O, Paşinyanın təklifini qəbuledilməz adlandırıb.

"Bir yol var - satqını kənarlaşdırmaq. Yalnız bundan sonra erməni xalqı öz gələcəyi ilə bağlı düşünə bilər və seçimini edə bilər", - deyə Saqatelyan bəyan edib. Daşnaksütun təmsilçisi Paşinyan hakimiyyətdə ola-ola hər hansı seçki keçirilməsini yolverilməz hesab edib və yalnız onun istefasından sonra keçid hökuməti seçki keçirməli olduğunu bildirib.

Qeyd edək ki, dünən Nikol Paşinyan 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müxalifəti konsultasiyalara çağırmışdı.