Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evində olub.
Unikal.org xəbər verir ki, şəhər rəhbəri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə balaca fidanları təbrik edib, üzümüzə gələn 2021-ci ilin onlara xoşbəxtlik gətirməsini arzulayıb.
Öncə Gəncə Uşaq Evinin sakinləri vətənpərvər mövzuda hazırlanmış çıxışlar ediblər. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərə, şəhidlərimizin əziz xatirəsinə həsr olunan şeirlər səsləndirilib.
Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda mərdlik və şücaətlə döyüşərək, əbədiyyətə qovuşanlardan biri də vaxtı ilə Gəncə Uşaq Evinin sakini olmuş Əmrah Rəcəbovdur.
Niyazi Bayramov qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.
Çıxışlardan sonra Niyazi Bayramov və müavinləri balacalarla bir süfrə başına əyləşərək, onlarla nahar ediblər. Gəncə Uşaq Evinin sakinləri ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya daim onları diqqətdə saxladıqlarına görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda Gəncə Şəhər İcra Hakimiyyəti adından balacalara hədiyyələr təqdim edilib.