31 dekabr 2020-ci il tarixdə Ağstafa rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olmuş müraciət əsasında Ağstafa rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əlövsət Allahverdiyev hadisə yerinə çıxıb xidməti vəzifələrini icra edərkən rayon sakini Sübhan Piriyevin ona qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmış, hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Sübhan Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.