Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçı keçiriləcək.
Unikal.org xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla mübarizə aparacaq.
Ötən gün baş tutan birinci matçda şahmatçımız rəqibini 2,5:1,5 hesabla məğlub edib. İlk üç partiyanı heç-heçə edən təmsilçimiz dördüncü partiyada rəqibi üzərində inamlı qələbə qazanıb.
Qeyd edək ki, noyabrın 23-də "Skilling Open" onlayn turnirdə T.Rəcəbov erməni rəqibini məğlub edib. Dekabrın 30-da turnirin qrup mərhələsi çərçivəsində baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb.
“Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran T.Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşinə, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.
Xatırladaq ki, bu gün başa çatacaq turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. Qalib 60 min dollar qazanacaq.