Generalların müdhiş savaşı
21:41 11-01-2013
CƏMİYYƏT
Generalların müdhiş savaşı
Generallar üz-üzədir
Daşkəsən rayonunda N saylı hərbi hissədə 18 yaşlı əsgər Ceyhun Qubadovun müəammalı şəkildə ölməsi cəmiyyətdə ciddi çaxnaşma yaratdı. Çünki əsgərin ölümündən dərhal sonra Müdafiə Nazirliyi bəyan etdi ki, əsgər ürək çatışmamazlılığından dünyasını dəyişib.
Hətta belə fikirlər səsləndirildi ki, son zamanlar hərbi komissarlıqlar xəstə əsgərləri hərbi xidmətə cəlb etməklə bu cür ölüm hallarının artmasına yol açırlar. Amma bu xəbərdən bir gün sonra Ceyhun Qubadovun valideyinləri ölmüş əsgərin şəkillərini yaydılar və aydın oldu ki, heç də olaylar Müdafiə Nazirliyinin dediyi kimi deyil. Belə ki, meyidin üzərində zorakılıq əlamətləri açıq şəkildə görünürdü və əsgərin valideyinləri iddia etdilər ki, oğulları döyülərək öldürülüb. Hətta əsgərin anası bəyan etdi ki, bu faktı gizlətmək üçün onları məcbur ediblər ki, tabut açılmasın. Amma tabut açılıb və ortaya belə bir fakt çıxıb. Bundan sonra istər məlum hərbi hissədən, istərsə də Müdafiə Nazirliyindən xəbər çıxmadı.
Bu arada ilk rəsmi açıqlama Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri general Məhərrəm Əliyev tərəfindən gəldi. Məhərrəm Əliyev rəsmi şəkildə bəyan etdi ki, iş artıq nəzarətə götürülüb və konkret ölçülər götürüləcək. Bundan sonra Müdafiə Nazirliyi və Hərbi Prokurorluq açıqlama ilə çıxış etdilər. Aydın oldu ki, hələ ki, iş nəzarətə götürülüb və araşdırma aparılır. Amma maraqlı proseslər bundan sonra baş verdi. Belə ki, araşdırmaların nəticəsi bəlli olmamış, müdafiə naziri Səfər Əbiyev qərarını elan etdi. Belə ki, müdafiə naziri general-polkovnik Səfər Əbiyev Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərovu cəzalandırıb. Nazirin imzaladığı əmri ilə birləşmə komandirinə şiddətli töhmət və sonuncu xəbərdarlıq edilib.
Həmçinin Daşkəsəndəki hərbi hissənin komandiri də müdafiə naziri tərəfindən cəzalandırılıb. Onun rütbəsi bir pillə aşağı salınıb. Mərhum əsgərin bölük komandiri isə tutduğu vəzifədən azad edilib və onun barəsində cinayət işi açılıb.Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissənin digər vəzifəli şəxsləri barəsində də intizam tədbirləri həyata keçirilib.Bununla yanaşı iki nəfərdə artıq həbs olunub.
Məsələnin məhz maraqlı tərəfidə budur. Yəni əsgər ölümü Azərbaycanda generallar arasındakı savaşı təzələdi. Çox təssüflər ki, bu gün məmurlar arasında olduğu kimi Azərbaycan generalları arasında da bir soyuq savaş gedir və ilk fürsətdə tərəflər bir-birini hədəfə alır. Belə savaşlardan biri də Prezidentin hərbi məsələlər üzrə müşaviri general Vahid Əliyevlə, nazir Səfər Əbiyev arasında gedirdi. Bu savaşın təssüratları və açıq müstəviyə keçididə yenə elə Daşkəsəndə baş verən olayla ortaya çıxmışdı.
Vahid Əliyevdən
ilk həmlə
2011-ci il fevralın 20-də Müdafiə Nazirliyinin Göygöldə yerləşən “N” saylı hərbi hissəsində baş verən qanlı hadisə 7 əsgərin ölümü ilə nəticələndi. Məlum olduğu kimi, bütün ölkəni təəccübləndirən bu olay zamanı əsgərlər Naib Quliyev, Cavid Cavadzadə, Nurlan Suanverdiyev, Ramazan Xocberov, Əfqan Kərimov, Əhməd Hüseynov və Zakir Quliyev ölüblər.
Baş verən qanlı olaydan sonra Respublika Hərbi Prokurorluğunda fakt üzrə cinayət işi başlayıb. Həmin vaxt general Vahid Əliyev, nazir Səfər Əbiyevin xəbəri olmadan Şəmkirdə və digər bir neçə hərbi hissədə total yoxlamalara başladı və nəticələr o qədər də uğurlu olmadı. Hətta həmin vaxt belə rəy yarandı ki, Səfər Əbiyev postunu itirəcək. Vahid Əliyev isə yaranmış şəraitdən istifadə edərək özünə yaxın şəxsləri Müdafiə Nazirliyində daha mühüm postlara cəlb etməyə nail oldu. Belə ki, Ali Baş komandan İlham Əliyevin qərarı ilə Şəmkir korpusunun komandiri Çingiz Şəfiyev tutduğu vəzifədən azad olunub, eyni zamanda o, general-mayor rütbəsindən bir pillə aşağı endirilib. Çingiz Məhərrəmovun yerinə Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov təyin edilib.Rövşən Əkbərov isə Vahid Əliyevin ən yaxın kadrı hesab edilirdi. Vahid Əliyev yaranmış durumdan məharətlə istifadə edərək hərbi çağırışında Səfər Əbiyevin əlindən alınmasına nail oldu.
Yeni Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti yaradıldı və bura rəis postuna Vahid Əliyevlə, general Elçin Quliyevin ən yaxın adamı olan Arzu Rəhimov gətirildi. Beləliklə bir tərəfdə Səfər Əbiyev başda olmaqla MN-i, bu biri tərəfdə isə Vahid Əliyev, Elçin Quliyev, Rövşən Əkbərov və Arzu Rəhimovdan ibarət 4 generalın birliyi yarandı.
Səfər Əbiyevdən
əks həmlə
Amma nazir Səfər Əbiyev bununla barışmaq niyyətində deyildi. O ilk olaraq işini düzgün qura bilməyən Arzu Rəhimovu hədəfə aldı. Həqiqətəndə yeni qurumun yaranmasından bir il keçsədə rayon şöbələri hələ də formalaşmayıb və struktur demək olar ki, bərbad haldadır. Bunun nəticəsi olaraq bir neçə əsgər hərbi xidmətə çağırıldı və bir müddətlik fəaliyyətdən sonra dünyalarını dəyişdilər. Bunun müqabilində Səfər Əbiyevin tapşırığı ilə hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti ilə bağlı Hərbi Prokurorluqda 140-dan çox cinayət işi açılıb. İndi isə hadisələr yenidən təkrarlanır.
Rövşən Əkbərov
fiaskosu
Bu günlərdə Rövşən Əkbərovun rəhbəri olduğu korpusda növbəti biabırçı ölüm faktının olması vəziyyəti daha da mürəkkəbləşdirdi. Çox maraqlıdır ki, öncə Müqdafiə Nazirliyi korpusdan verilən xəbərə uyğun olaraq bu ölüm faktını ürək çatışmamazlığı ilə əlaqələndirdilər. Amma sonradan vəziyyət dəyişdi və Səfər Əbiyev bir il öncə yaşadığı məğlubiyyətin tam heyfini çıxdı. Belə ki, hələ araşdırmaların aparıldığı bir ərəfədə, konkret nəticələr ortada olmaya-olmaya Vahid Əliyev komandasına ağır zərbə vuruldu və Rövşən Əkbərova sonuncu dəfə xəbərdarlıq edildi. Bununla yanaşı hesab etmək olar ki, Səfər Əbiyev bu olayı kompaniya şəkilinə salacaq və Vahid Əliyev komandasının tamamı ilə sıxışdırılıb səhnədən çıxarılmasına nail olacaq.Bununla yanaşı qeyd edək ki, hadisənin ilk günündən qurulan kompaniya Səfər Əbiyevin əleyhinə işləməyə başlamışdı. Amma Səfər Əbiyev Rövşən Əkbərov faktını ortaya çıxartmaqla hadisələrin istiqamətini dəyişdi. Bu arada həm də aydın oldu ki, əsgər ölümü ürək çatışmamazlığı ilə bağlı olsaydı, artıq Arzu Rəhimov postu ilə vidalaşmalı olacaqdı. Çünki qeyri-rəsmi şəkildə artıq Arzu Rəhimova bir neçə dəfə xəbərdarlıq edilmişdi. Yeri gəlmişkən bunu da qeyd edək ki, Rövşən Əkbərov Şəmkir korpusuna göndəriləndə onun qarşısına konkret məqsəd qoyulmuşdur ki, nizam-intizam yaradılsın. Amma son bir neçə ay ərzində Şəmkir korpusundan gələn xəbərlər göstərir ki, Rövşən Əkbərov istədiyinə nail ola bilməyib. Bu isə Səfər Əbiyevin hərəkət etmə imkanlarını genişləndirib.
Məhərrəm Əliyev
tarazlığı
Bu arada çox maraqlı haldır ki, baş verən hadisəyə ilk olaraq nə Vahid Əliyev, nə də Səfər Əbiyev reaksiya vermədi. Reaksiya Məhərrəm Əliyevdən gəldi. Bu isə bir daha təsdiqləyir ki, tərəflərin olaylarda hansısa başqa maraqlarıda var və bu prosesdə neytral mövqe sərgiləyə biləcək tək fiqur Məhərrəm Əliyev ola bilərdi. Məhərrəm Əliyevin tutduğu mövqedə bunu təsdiqlədi. O, nə tabe olduğu Vahid Əliyevin, nə də Səfər Əbiyevin maraqlarını qorumadı. Belə hesab etmək olar ki, ordu ətrafında baş verən bu proseslərlə bağlı yəqin ki, Ali Baş komandana ən dolğun məlumatda məhz Məhərrəm Əliyev tərəfindən veriləcək. Hətta ekspertlər bildirir ki, Məhərrəm Əliyevə əlavə səlahiyyətlər verməklə generallar arasındakı savaşa da nəzarət etmək mümkün olacaq.
Yaranan zərurət
Baş verənlər bir daha sübut edir ki, artıq hərb sahəsində ciddi islahatlara ehtiyac yaranıb. Çünki qruplaşmalar və qurup maraqları o həddə çatıb ki, artıq açıq müstəvidə savaş gedir. Bu günün özündə əsgər ölümünə görə hətta millət vəkillərinin də iştirakı ilə iki quruplaşma açıq şəkildə mətbuatda ictimai rəyi öz xeyirlərinə dəyişməyə çalışırlar. Ekspertlər hesab edir ki, belə durumda ən yaxşı seçim NATO standartlarına keçiddir. Yəni Müdafiə Nazirliyi mülki şəxslərə həvalə edilir və peşəkar hərbçilər , idarəetmədən çox hərbi işlərə yönəldilir. Amma Azərbaycanın müharibə durumunda olduğunu nəzərə alsaq belə addımın atılması tələskənlik olar. Deməli generalların müdhiş savaşı hələ davam edəcək.
Generalların savaşının fövqündə isə bu gün ölmüş əsgər Ceyhun Qubadovun anasının müraciəti durur. Nəzərinizə çatdırdığımız bu müraciəti yəqin ki, generallarda oxuyacaq:-“ Azərbaycan xalqına, Azərbaycan gənclərinə müraciət edərək ailəmizdə üz vermiş ağır faciə - oğlum Ceyhun Qubadovun ölümü ilə əlaqədar kədərimizi bölüşdüyünüzə görə hər birinizə səmimi minnətdarlığımı bildirirəm”. Bu sözlər Daşkəsəndəki N saylı hərbi hissənin mərhum əsgəri Ceyhun Qubadovun anası Samirə Qubadovanın göndərdiyi ictimaiyyətə müraciətində əksini tapıb.
S. Qubadova müraciətində daha sonra yazır: “Mən Azərbaycan dövlətinə, onun prezidenti İlham Əliyev cənablarına inanıram və ümidvaram ki, oğlumun ölümü ilə əlaqədar başlanmış cinayət işi obyektiv araşdırılacaq və bu işdə təqsiri olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqla layiqli cəzalarını alacaqlar.
Bu hadisə ilə əlaqədar müxtəlif vəzifəli şəxslər tərəfindən qəbul olunmuşam. Mənə və ailəmizə verdikləri mənəvi dəstəyə və kədərimizi bölüşdüklərinə görə həmin şəxslərə, eyni zamanda Milli Məclisin üzvlərinə dərin təşəkkürümü bildirirəm. Mənə və ailəmizə dövlətimizin və hökumətimizin dəstəyi yetərlidir.
Mənim kədərimdən, mənim qüssəmdən heç kəsin sui-istifadə etməsinə ixtiyarı yoxdur. Xahiş edirəm bu hadisədən siyasi məqsədlər üçün istifadə olunmasın və bununla bağlı hər hansı aksiyanın keçirilməsinin tamamilə əleyhinəyəm”.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50