Qusar rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə yanvar ayının 9-da gecə saatlarında rayonun Həzrə kəndi ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal obyektə baxış keçirilib, mağazadan 200 manat pul, danışıq kartları, tütün məmulatı, spirtli içki və geyim əşyaları oğurlandığı müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum olunmuş Q.Qaçayev qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.