Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfəri sonrası ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Unikal.org xəbər verir ki, Fransa ilə münasibətlərdə son vəziyyəti qiymətləndirən Çavuşoğlu bu sahədə müsbətə doğru irəliləyiş olduğunu, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makrondan pozitiv ruhlu məktub aldığını bildirib.
“Fransa xarici işlər naziri Jan-İv Le Drian ilə son görüşümüzdə “gəlin bir yol xəritəsi üzərində işləyək”, - deyə razılaşdıq. Sonra Prezidentimiz cənab Makrona bir məktub göndərdi və onu yeni il münasibətilə təbrik etdi. Daha sonra isə fransızlar 4 sahədə məsləhətləşmələrə başlamaq üçün bizə geri dönüş etdilər, biz də razılaşdıq. İki gün əvvəl isə Makrondan çox müsbət bir məktub aldıq. Münasibətləri inkişaf etdirmək arzusu, Türkiyəyə verdikləri əhəmiyyətlə bərabər, Avropa üçün Prezidentimizlə görüşməyi arzu etdiklərini vurğulayan, olduqca müsbət, hətta türkcə xitablı (Məktub “Dəyərli Tayyib” sözləri ilə başlayır) bir məktub aldıq. Prezidentimiz “məmnuniyyətlə görüşərik”,- deyə cavabladı. Əvvəlcə videokonfrans və telefon zənglərindən bəhs olunur”.