Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda pambıqçılığın inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri və fermerlər iştirak edib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sektorun bütün sahələri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, “Azərbaycanda pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər öz bəhrəsini verib.
Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə 2019-cu illə müqayisədə 41 min ton çox pambıq istehsal edilərək 336 min tona çatdırılıb. Məhsuldarlıq isə 2019-cu ilə nisbətən 14 faiz artaraq 33,6 s/ha təşkil edib.
Tədbirdə 2021-ci ilin pambıq əkinləri üçün bağlanmış müqavilələr, aparılmış şumun vəziyyəti, texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.