Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pərviz Məmmədəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Unikal.org-un məlumatına görə, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Pərviz Məmmədəliyev ötən il Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Onun Sabunçu rayonunda yaşadığı evə baxış keçirilən zamanı 755 qram narkotik vasitə həşiş qətranı, 242 qram heroin, 59 qram psioxotrop maddə metamfetamin, 31 ədəd metadon həbləri, 2 ədəd elektron tərəzi və sandıqçasında 4 ədəd patron olan “Sieger” markalı qaz tapançası aşkar olunaraq götürülüb.
P.Məmmədəliyevə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham verilib.
Elvin Rüstəmov