Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə Unikal.org-a İdarədən məlumat verilib.
Bildirilib ki, Baş İdarəyə əvvəllər məhkum olunmuş Samir Xəlilovun qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd AK-74 modelli “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 37 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş İlkin Ağayev tutularaq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Marqolin” markalı tapança və 44 ədəd həmin silaha aid patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Samir Xəlilov və İlkin Ağayev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.