Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstərilib.

Bu barədə Unikal.org İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Sahibkarlara maliyyə dəstəyinin göstərilməsi sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılması məqsədini daşıyır. Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı 4-cü mərhələ çərçivəsində 174 316 muzdlu işçini əhatə edən 18 845 vergi ödəyicisinə 39,06 mln manat həcmində maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilib. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlanıblar.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib.

Müvafiq vəsaitlər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq vergi ödəyicilərinin bank hesablarına köçürülüb.

Qeyd edək ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində vergi ödəyicilərinə 4 mərhələdə ümumilikdə 246 mln. manatdan çox, fərdi (mikro) sahibkarlara isə 112,17 mln. manatdan çox olmaqla, ümumilikdə 358,2 mln. manata yaxın maliyyə vəsaiti ödənilib.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.