Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İsmayılov Taleh Mahir oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Unikal.org-un məlumatına görə, baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilən iş hakim Vaqif Həsənovun icraatındadır. İş üzrə baxış iclası bu gün saat 14:30-a təyin edilib.

Taleh İsmayılova Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), 178.2.2 (təkrar törədildikdə), 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq etmə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, T.İsmayılov Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələr keçirməyə çalışarkən saxlanılıb. 

Onun gətirdiyi plastik qabda olan kələm dolmasının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 0,456 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 1,070 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Elvin Rüstəmov