Daxili işlər orqanlarının əməkdaşları tərəfindən talama cinayətlərinə qarşı çevik və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Abşeron rayonu Saray qəsəbəsi ərazisində 2 evdən ümümilikdə 8515 manat və 12655 manat dəyərində qızıl-zinət əşyaları, eləcə də mobil telefon oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Polis tərəfindən silsilə oğurluq əməllərində şübhəli bilinən əvvələr Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 221-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Taleh Qəmbərov tutularaq istintaqa təhvil verilib.
T.Qəmbərovun ətrafında aparılan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə onun Saray qəsəbəsində 10-dan artıq evdən müxtəlif məbləğlərdə pul və qızıl-zinət əşyalarını oğurlaması sübuta yetirilib.
Şübhəli şəxsin barəsində Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.