Bakı metrosunda cibgirliklə məşğul olmaqda ittiham olunan Elçin Məmmədovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Unikal.org xəbər verir ki, Nərimanov rayon Məhkəməsinə göndərilən cinayət işi hakim Elməddin Hüseynovun icraatına verilib.

Qeyd edək ki, Metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan, əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Məmmədov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı tutulub. Araşdırma zamanı onun cari il yanvarın 19-da günün müxtəlif saatlarında metronun “İnşaatçılar” və “28 May” stansiyalarında iki qadının cibindən mobil telefon oğurladığı məlum olub. E.Məmmədov saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi mobil telefonlardan biri aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı saxlanılan şəxsin təkcə metroda yox, paytaxt ərazisində sərnişin avtobuslarında da cibgirliklə məşğul olduğu məlum olub.